“N!DA”çıların öz səhvlərini başa düşüb əfv istəmələri təqdirəlayiq haldır”

SİYASƏT
00:21 03.10.2014
1256

Gənc fəalların fikrincə, Azərbaycan gəncliyi hər zaman düzgün yolda – dövlətinin, prezidentinin yanında olmalıdır

Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər – Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə srağagün Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar müraciətlərində həbsdə olmaqlarını diqqətə çatdıraraq, qeyd ediblər ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjilərini ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərlər. “N!DA”çı gənclər aldıqları cəzanın axıra kimi çəkilməsini bu gənclik dönəmi fəallığının boşa xərcləməsi kimi qiymətləndiriblər. Ümid ediblər ki, ölkə başçısı onların gəncliyinin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkənin xeyrinə olacağı ilə razılaşaraq, “N!DA”çıların azadlığa çıxmasına, yaxınlarına qovuşmasına öz töhfəsini verəcək. “N!DA”çı gənclər bildiriblər ki, onların indiyə qədər həbsdə olduqları müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanları olub. Gənclər bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrəndiklərini, bir sıra dəyərləndirmələr apardıqlarını vurğulayıblar. Qeyd ediblər ki, həbsdə olan “N!DA”çılar bütün bilik və bacarığını müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirlər. Müraciəti imzalayan 6 nəfər bu amilin nəzərə alınmasını xahiş edərək, inanırlar ki, ölkə başçısı müstəsna səlahiyyətlərindən istifadə edərək, “N!DA”çıların gənc olmalarını nəzərə alaraq, onların cəzadan azad olunmasına qərar verəcək.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov“N!DA”çı gənclərin əfv ərizəsi ilə dövlət başçısına müraciət etmələrinə münasibət bildirərkən, həmin gənclərin düzgün addım atdıqlarını dilə gətirib. Deyib ki, Azərbaycan gəncliyi hər zaman düzgün yolda, dövlətinin, prezidentinin yanında olmalıdır. O, iqtidarın həyata keçirdiyi siyasətin mərkəzində məhz bu amilin dayandığını vurğulayıb: “Biz heç bir gəncimizin hansısa təsirlər altına düşməsini, onları itirməyimizi istəmirik. Bu gün çox yaxşı tendensiya baş verir ki, bir zamanlar radikal müxalifətin, xarici qüvvələrin təsiri altında olan “N!DA”çı gənclər də öz səhvlərini başa düşür, düzgün yolda olmadıqlarını anlayır və dövlət başçısının, cəmiyyətin onları bağışlamasını istəyirlər. Bununla onlar nümunə göstərir, təqdirəlayiq addım atır, düzgün yola istiqamətlənirlər. Çünki səhvini zamanında başa düşüb, ondan nəticə çıxarmağın özü də müsbət məqamdır. Onlar indi başa düşürlər ki, kimlərsə onlardan maşa kimi istifadə edib”.

S.Orucov deyib ki, müxalifət qüvvələri, həmçinin xarici kəşfiyyatın Azərbaycanda ələ aldığı bəzi təşkilatlar gənclərin emosionallığından, siyasi təcrübəsizliklərindən yararlanaraq, onları hər zaman öz əməllərinə alət etməyə çalışırlar: “Çox təəssüf ki, bəzi hallarda bir qisim gənclər bu təsirə düşürlər. Sonradan həmin təşkilatlar gənclərin beyninə öz ideologiyalarını doldurur, onları ölkəmizdə ajiotaj, təxribat yaratmağa, icazəsiz aksiyalar keçirməyə, qanunları pozmağa yönəldirlər. Bununla Azərbaycandakı ictimai asayişi, sabitliyi pozmağa çalışırlar. Təbii ki, bu, yolverilməzdir. Qanunu pozan belə gənclərin aqibəti göründüyü kimi ictimai məsuliyyətə cəlb olunmaqla yekunlaşır. Lakin gəncləri belə vəziyyətə salan həmin təşkilatlar sonradan onların taleyi ilə heç maraqlanmırlar. Sonda əziyyət çəkən yad təsir altına düşən gənclər, bir də onların valideynləri olur. Ona görə də mən hazırda radikal müxalifətin, xarici kəşfiyyatın ələ aldığı təşkilatların təsiri altında olan digər gənclərə də buradan səslənirəm ki, öz hərəkətlərini təhlil etsinlər, “N!DA”çı gənclərin etiraflarından ibrət götürsünlər. Nə qədər ki, gec deyil, düzgün yola istiqamətlənsinlər”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlıbundan əvvəl də bir nəfər gənc “N!DA”çının dövlət başçısına əfv olunmaq üçün müraciət etdiyini xatırladıb. Deyib ki, hələ o zaman bunu təqdir edərək, digər “N!DA”çıları da anoloji addım atmağa, səhvlərindən nəticə çıxarmağa səsləyib: “Zaman göstərdi ki, bu, doğru seçimdir. Çox vaxt keçmədən həbsdə olan bütün “N!DA”çıların əfv olunmaq barədə müraciəti yayıldı. Həbsdən əvvəl kimlərinsə təsir altında olan, çox ciddi qanun pozuntularına yol verən həmin gənclər həbsxanada olduqları müddətdə ayıq başla prosesləri müşahidə etmək, düzgün nəticə çıxarmaq imkanı qazandılar. Onlar hadisələri aydın şəkildə təhlil etməyi bacardılar. Məlum oldu ki, heç də hər şey onlara qaraguruh qüvvələr tərəfindən təqdim edilən kimi deyil. Onlar gördülər ki, Azərbaycan sürətlə inkişaf edən ölkə kimi dünyanın siyasi, mədəni və iqtisadi mərkəzlərindən birinə çevrilir. Ölkəmiz dünyanın ən müxtəlif regional və beynəlxalq layihələrində yaxından iştirak edir. Belə olan halda “N!DA”çılar fərqinə vardılar ki, həqiqətən də onlar ayrı-ayrı təxribatçı qüvvələrin Azərbaycan əleyhinə fəaliyyətinə cəlb olunublar. Bununla yanaşı, həmin gənclər gördülər ki, azadlıqda olduqları zaman onlara şirin vədlər verən, təxribata yönəldərkən “qorxma-qorxma” deyən, hətta həbsə düşəcəkləri zaman beynəlxalq təşkilatların, Qərb dövlətlərinin onları müdafiə edəcəklərini vəd verənlər sonradan yoxa çıxdılar. Gənclər anladılar ki, Azərbaycan müstəqil siyasət aparan ölkə kimi milli və dövlətçilik maraqlarının müdafiəsində kənar təsirlərlə hesablaşmır, ancaq öz iradəsinə güvənir. Bütün bu kimi səbəblər “N!DA”çıların öz səhvlərini başa düşməsinə yardımçı oldu və onlar dövlət başçısına əfv olunmaq üçün müraciət etdilər. Azərbaycan gənci, QHT sədri olaraq mən onların bu addımını təqdir edirəm. Hesab edirəm ki, ən doğru yol azərbaycançılıq, dövlətçilik, Prezident İlham Əliyev ətrafında sıx birləşərək ölkəmizi daha da inkişaf etdirmək yoludur”.

OXŞAR XƏBƏRLƏR