Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından (LDPR) olan deputatı Roman Xudyakov ölüm hökmünü miqrantlar, pedofillər və bir neçə qətl törətmiş şəxslər üçün bərpa etməyi təklif edib. Xudyakov bununla bağlı xüsusi qanun layihəsi də hazırlayıb. Deputat hesab edir ki, Rusiya ərazisində ağır cinayətlər törətmiş miqrantlar barəsində ölüm hökmü çıxarılmalıdır. Əks təqdirdə "xaricdən gələn cinayətkarların" qarşısını almaq mümkün olmayacaq.
Məsələylə bağlı AZXEBER.COM-a danışan politoloq Zərdüşt Əlizadə Rusiyada ölüm hökmünün olmadığını bildirib:
“Rusiyada ölüm cəzası qaldırılıb. Əgər ölüm cəzası yenidən qanunla qüvvəyə minsə təbii ki, bu zaman istənilən şəxsə qarşı bu cəza mexanizmindən istifadə edilə bilər”.
Politoloqun sözlərinə görə, əgər ölüm cəzası haqqında qanun qəbul edilsə bu hamıya şamil edilməlidir. Əks təqdirdə bu dünyada analoqu olmayan bir qanun olar:
“Bu gün bildiyim qədəri ilə Meksikada narkotik istifadə edənlərə qarşı ölüm cəzası tədbiq edilir. Yalnız dünyada sırf miqrantlarla bağlı ölüm cəzası yoxdur. Bu fikir absurtdur. Çünki dünyada insan hüquqları deyilən bir anlayış mövcuddur. Necə ola birlə ki, ölüm hökmü yalnız miqrantlara və pedofillərə şamil edilir? Əgər qanun varsa o hamıya tədbiq edilməlidir”.
Əfsələddin Ağalarov