Neftçala rayonunda Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anadan olmasının 41 illiyinə həsr olunmuş mərasim keçirilib.
AZXEBER.COM Yenicag.az-a istinadən xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl tədbir iştirakçıları tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhidin ailəsinin yaşadığı Həsənabad qəsəbəsində davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respubikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Neftçala RİH başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirib ki, vətənə Zakir Məcidov, Samid İmanov, Camal İsmayılov kimi qəhrəmanlar, neçə-neçə igid oğullar bəxş edən torpaqda qeyd olunan Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun doğum günü mərasimində qəhrəmanımızın timsalında vətənin hünər salnaməsinə adını bəxş etmiş bütün şəhidlərimiz xatırlanır.
Tədbirdə Millli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Camal İsmayılovun döyüş yoldaşı, Əfsanəvi taborun qəhrəman şəhidlərindən biri kiçik gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev, Vətən müharibəsi iştirakçısı, "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İB-nin sədri Bəhruz Məmmədzadə, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova və Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova çıxış edərək şanlı hərb qələbəmizdən, dövlət, xalq, ordu birliyindən söz açaraq bu qələbədə xüsusi payı olan ordumuzun peşəkarlığından bəhs ediblər, şəhid Camal İsmayılov haqqında öz xatirələrini bölüşüblər.
Müxtəlif bədii-kompozisiyalardan ibarət təşkil olunmuş tədbirdən sonra Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun doğulub boya başa çatdığı evdə xatirə guşəsinə baxış keçirilib. Daha sonra Neftçala rayonu, Həsənabad qəsəbəsində şəhidin xatirəsinə ehsan mərasimi təşkil olunub.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub, "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.