AZXEBER.COM-un "Neftçi"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın böyük hesablı məğlubiyyətinin səbəbləri araşdırılaraq, yekdilliklə klub prezidentinə təqdimat verilib. Bundan başqa, bu gün Bakıya qayıtdıqdan dərhal sonra "Neftçi" PFK-nın bazasında klub rəhbərliyi, məşqçilər və futbolçuların iştirakı ilə klubdaxili iclas keçirilib. İsrail təmsilçisinə məğlubiyyətə görə klubun futbolçularına ciddi şəkildə xəbərdarlıq edilib. Həmçinin məşqçilər korpusunun təqdimatına əsasən, klub prezidentinin sərəncamı ilə son oyunlarda öz imkanlarından aşağı səviyyədə çıxış etməsi və Çempionlar Liqası kimi mötəbər yarışa məsuliyyətsiz yanaşmaları nəzərə alınaraq, "Neftçi" PFK-nın kapitanı Rail Məlikov, müdafiəçi İqor Mitreski və qapıçı Rauf Mehdiyev transferə çıxarılıb."Neftçi" PFK adından Azərbaycan xalqından məğlubiyyətə görə üzr istənilib. Klub inanır ki, cavab görüşündə, eləcə də Avroliqanın "pley off" oyunlarında "Neftçi" adına layıq futbol nümayiş etdirərək azarkeşləri sevindirəcək.