Millinin hazırlıq prosesi mayın 20-dən 28-dək ABŞ-da baş tutacaq
Bakının "Neftçi” futbol klubunun 5 oyunçusu Azərbaycan milli komandasına dəvət olunub.
ANS PRESS-in verdiyi məlumata görə, Rəşad Sadiqov, Mahir Şükürov, Araz Abdullayev, Elvin Yunuszadə və Ruslan Qurbanov mayın 27-də ABŞ yığması ilə San Fransisko şəhərində keçiriləcək yoldaşlıq oyunu öncəsi təlim-məşq toplanışına cəlb ediliblər.
Qeyd edək ki, hazırlıq prosesi mayın 20-dən 28-dək ABŞ-da baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının milli futbol komandası Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən idarə olunur. Beynəlxalq arenada 1992-ci ilin sentyabr ayından etibarən çıxış edir. 2008-ci ilin aprelində Berti Foqts yığmaya baş məşqçi təyin olunub.. Azərbaycan yığmasının FİFA-nın reytinqdə ən yüksək göstəricisi 2013-cü ilin oktyabr ayında qeydə alınan 88-ci pillədir.
Azərbaycan yığması 17 illik tarixində 8 dəfə seçmə mərhələlərə qatılıb. Həm Avropa, həm də dünya çempionatının seçmə mərhələsində bərabər sayda (hərəsində 4 dəfə) iştirak edib. Azərbaycan komandası seçmə mərhələlər tarixində yalnız iki dəfə qrup sonuncusu olmayıb və hər iki halda, Lixtenşteyn yığmasını qabaqlayıb.