"Neftçi"nin rəqibini yaxından tanıyaq

İDMAN
08:49 11.08.2012
1523

"Neftçi"nin Avropa Liqasının "play-off" mərhələsindəki rəqibi APOEL klubunu yaxından tanıyaq.

AZXEBER.COM-un məlumatına görə, Kipr təmsilçisi 1926-cı ildə yaradılıb.

Daha öncə POEL adı altında çıxış edən komanda 1928-ci ildən APOEL adlanıb. Bu komandanın hərfi mənası "Nikosiyanın Yunan Atletik Futbol Klubu" deməkdir.  

Ev oyunlarını GSP stadionunda keçirən APOEL meydana "sarı-göy" formaları ilə çıxır. Səfər qarşılaşmalarında isə komanda "qara-narıncı" və "mavi-qara" formaları ilə çıxış edir. APOEL-in yeni stadionu 23.400 azarkeş tutumuna malikdir.

Nikosiya klubunun prezidenti Fivos Erotokritudur. Komandanın baş məşqçisi isə yunanıstanlı İvan Yovanoviçdir. Təcrübəli mütəxəssis 2008-ci ildən APOEL-i çalışdırır.

Komandanın uğurlarına gəldikdə APOEL ilk dəfə 1936-cı ildə ölkə çempionu olub. Ümumilikdə isə komanda 21 dəfə Kipr, 19 dəfə ölkə kuboku və 11 dəfə superkubok çempionluğu yaşayıb. APOEL Avrokuboklarda ümumilikdə 134 görüş keçirib.

Komandanın Avropada ən böyük uğuru isə ötən mövsümə təsadüf edir. Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”, “Porto” və “Zenit”lə mübarizədə birinci olan APOEL 1/8 finalda Fransanın “Lion” klubunu da mübarizədən kənarlaşdırmışdı. Lakin 1/4 finalda bu komandanın yolunu Madrid "Real"ı kəsib.

Qeyd edək ki, APOEL ötən mövsümü 56 xalla 3-cü pillədə başa vurub.

OXŞAR XƏBƏRLƏR