Nepaldakı dağıdıcı selin səbəbi məlum oldu

Nepaldakı dağıdıcı selin səbəbi məlum oldu
DÜNYA
09:22 28.08.2026
154

Nepal və Çin sərhədində baş verən güclü sel və daşqının səbəbi ilə bağlı yeni detallar açıqlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, avqustun 26-da Himalay dağlarında, Nepal-Tibet sərhədi yaxınlığında baş verən hadisənin böyük ehtimalla buzlaq və dağ süxurlarından ibarət kütlənin çökməsi nəticəsində meydana gəldiyi müəyyənləşib.

Reuters-in məlumatına görə, buzlağın aşağı hissəsinin təxminən 5 200 metr yüksəklikdən qoparaq 1 200 metr aşağıdakı vadiyə düşməsi nəticəsində böyük həcmdə buz, qaya və torpaq hərəkətə keçib. Bu kütlə Lhende Khola çayına daxil olaraq suyun qarşısını kəsib və daha sonra güclü sel dalğasının yaranmasına səbəb olub. 

Nəticədə çay yatağından çıxan su, palçıq, daş və buz kütlələri böyük sürətlə aşağı istiqamətdə hərəkət edib. Nepalın Syapru Besi kimi yaşayış məntəqələri ciddi zərər görüb, yollar, körpülər, elektrik infrastrukturu və digər obyektlər dağılıb. Daşqının təsirləri Nepal ərazisi ilə yanaşı, Çinin Tibet bölgəsində də hiss olunub. 

Əvvəlcə zəlzələ ehtimalı irəli sürülmüşdü

Hadisənin ilk saatlarında bölgədə qeydə alınan seysmik hərəkətlilik səbəbindən selin zəlzələ nəticəsində baş verdiyi ehtimal edilirdi. Lakin sonrakı peyk görüntüləri və seysmik məlumatların təhlili bu versiyanı dəyişib.

İqlim dəyişikliyinin təsiri araşdırılır

Mütəxəssislər hadisənin birbaşa səbəbinin buzlaqın çökməsi olduğunu bildirsələr də, bunun arxasında iqlim amilinin olub-olmaması ayrıca araşdırılır.

Beynəlxalq media orqanlarının danışdığı alimlərin fikrincə, Himalaylarda temperaturun yüksəlməsi buzlaqların əriməsini sürətləndirir, dağlardakı buz və süxurların sabitliyini zəiflədir.

Daşqının miqyası böyük olub

Nepalın şimal ərazisində daşqın nəticəsində ölənlərin sayı 389 nəfərə çatıb.

Bu barədə ölkə polisi xəbər verib.

"389 nəfərin meyiti tapılıb, ümumilikdə 466 nəfər yaralanıb və xilas edilib", - son hesabatda deyilir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR