Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA

Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
21:14 01.04.2026
159
 Nəsimi rayonu ərazisindəki Ənvər Qasımzadə küçəsi, 15 ünvanında icra edilən tikintinin fəaliyyətinə dair şikayətlərə aydınlıq gətirilib.
 
AZXEBER.COM xəbər verir ki, dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərlə əlaqədar sözügedən ərazidə zirzəmisi olan birmərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə 13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət qurumlarının rəyləri əsasında müvafiq icazə verilib və verilən tarixdən həmin icazədə heç bir dəyişikliklər edilməyib.

"Daxil olmuş müraciətlər əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilib. Aparılmış yoxlama zamanı təsdiq olunmuş layihədən hər hansı kənarlaşma, o cümlədən əlavə mərtəbənin inşası faktı öz təsdiqini tapmayıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, hazırda həmin ünvanda aparılan tikinti işləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır.

"Bunlarla yanaşı qeyd edək ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur", - deyə vurğulanıb.
OXŞAR XƏBƏRLƏR