Hacıbəy Heydərli“Artıq dinc aksiyalar heç bir nəticə vermirdi. Qərar aldıq ki, şəhərdə kütləvi ixtişaşlara başlayaq. Polislərə molotov kokteylləri ataq, barrikadalar quraq. Düşündük ki, yalnız belə istəyimizə nail ola bilərik” Bu sözləri Nida Gənclər Hərəkatının üzvü Məhəmməd Əzizov istintaqa açıqlamalarında deyib. “Bizim kimi düşünməyənlər bizdən deyil” prinsipiylə yaşayan müxalif gənclərdən bəziləri Nida-çıların təzyiqə məruz qalaraq belə sözlər dediklərini iddia edirlər. Elə həmin şəxslərə 2 gün öncə həbs edilən Məhəmmədin saytlardan birinə açıqlamasını xatırlatmaq istəyirəm: “Azadlıq üçün uzun illər vuruşulub, uğrunda ölünüb, əsir düşülüb, birinə güllə dəyib, bəzən mübarizə yarıda qoyulub, bəzənsə axıradək gedilib, dəriləri soyulub, dar ağacında asılıb, amma son anda belə fikirdən dönülməyib”. Bu sözləri deyən adamın polisə molotov kokteyli atmasından təbii heç nə ola bilməz, bu sözləri deyən adamın Bakını Suriyaya, Liviyaya döndərmək istəyindən təbii heç nə ola bilməz. Niyə bunu qəbul etmək istəmirsiz, bəylər? Əgər vicdanınız varsa, heç olmasa bunu qəbul edin ki, sizin dostlarınız sabah Bakıda ixtişaş planlaşdırırmış. Özü də bu ixtşaş “əsgər ölümünə son” aksiyasında olacaqmış. Nə qədər təəcüblüdür deyilmi? Əsgərlərimizin ölümünə etiraz edərkən, başqa vətəndaşımızı bədbəxt etməyi düşünürmüş bu gənclər. Nida-çıların həbsi haqda çox danışmaq istəmirəm. Onsuz da bəylər öz dillərindən hər şeyi etiraf ediblər. Sadəcə bu gün danışan hər 3 gəncin "facebook" fəaliyyətiylə bağlı bir neçə cümlə deyəcəm. Bu “demokratlar” mənim və öz mövqeyi olan, nala mıxa vurmayan, bir sifəti olan dostlarımız haqda müxtəlif səhifələrdə, profillərində təhqirdolu statuslar yazıblar və bu günə qədər “facebook”da gedən "təbliğat"da da "misilsiz" rolu olub. Həmin bu adamların kişiliyi, cəsarəti çatmayıb ki, sözü üzümüzü desinlər, debatlara çıxsınlar, dioloq aparsınlar. Bunlar müxtəlif “feyk profillər”, səhifələr altında gizlənərək öz yaxınlarına yaraşdıqları sözləri bizə deyiblər.
Və bu günə qədər mənə verilən "sən bu adamlara niyə cavab yazmırsan?" "Niyə səhifələrdə heç nə yazmırsan?" “Onlar niyə bu qədər təhqirlər yazırlar?” sualına ən gözəl cavabı bu gün bəylərin özləri ifadələrində verdilər. “Facebook”da ağalıq edən, istədiyi adamı təhqir edən, söyən, aşağılayan Bəxtiyar Quliyev adlı gənc düşünüb ki, əgər internetdə insanları bu qədər rahat alçaldıramsa, bunu niyə real həyatda etməyim? “Bu gün “facebook”da mənim statuslarımı “layk” edən bu qədər adam varsa, sabah aksiyada da molotov kokteyllərindən istifadə etsəm minlərlə adam mənə qoşulacaq”. Ancaq bu adam söz azadlığıyla özbaşınalığı, demokratiya ilə avtoritarizmi səhv salıb.
Özlərinin də dediyi kimi “facebook”da yaratdıqları “ajiotajı” “xaos”a çevirərək ölkədə vətəndaş müharibəsi planlaşdırırmış bu gənclər. Bu adamların əsas məqsədi cəmiyyətimizin həssas nöqtəsi olan əsgər ölümlərindən istifadə etmək imiş. Bu adamların əsas məramı Fəvvarələr Meydanında partlayıcı maddə atıb, aksiya iştirakçlarına, polislərə xəsarət yetirib bunu Azərbaycan hakimiyyətinin adına yazmaq imiş.
Əslində, bunu mən yox, bu gün özünü siyasi lider sayan, Praqada oturub camaat balasını Bakının mərkəzinə səsləyən Emin Milli deyib. İnanmayanlar üçün onun son statusundan bir sitat: “Bu etiraz aksiyasıyla birliyimiz qurulur, təşkilatlanırıq, televiziyamız yaradılır, hər şey bundan sonra başlayır”. Bax budur Emin Milli və onun xarici havadarlarının əsas missiyası. Emin Milli kimilər üçün əsgər ölümü sadəcə vasitədir. Əsgərlikdə olmayan, bu gün Praqada xarici havadarlarının hesabına kef edən Emin Milliyə siyasi kamikadze adını versək yanılmarıq. Adam öz “facebook” dostlarını bir anda özünün fanatına çevirib və düşünür ki, onun minlərlə sevəni var. Ancaq unudur ki, bu gün “facebook”da bir model şəkli ilə “feyk profil” açan istənilən şəxs bir həftəyə on minlərlə adamı səhifəsində birləşdirə bilər. Əslində, bu gün Emin Milliylə həmin qız profillərinə münasibət eynidir. İnsanlar heç birini ciddiyə almır. Sadəcə, könülləri xoş olsun deyə, arada bir “layk” edirlər. Emin Milli özü də bilir ki, ağlı başında olan, normal düşüncə qabliyyəti, məntiqi olan adam onun çağırışına uyub aksiyaya gəlməz. Onu da deyim ki. əsgərlikdən yayınan bir adamın əsgər ölümüylə bağlı aksiya keçirməsi də əslində bir lətifə mövzudur... Və son olaraq Emin Millinin evini satması haqda... Emin Milli qeyd edib ki, evini sataraq televiziya açır və insanları da əlində olan hər şeyi satmağa, ona dəstək olmağa çağırır. Kənardan Emin bəyin bu təşəbbüsü “fədakar” addım kimi görünə bilər. Ancaq bu elə kənardan görünərək də qalır. Emin Milli həm də tanınmış siyasətçilərə sual verməklə, onları “Azadlıq radiosu”na debata çağırmaqla tanınır. Elə isə mən də ona belə bir sual vermək istəyirəm: Emin Milli hansı pullarla o evi alıb, siz hansı pullarla gedib şəhərin ən elit restoranlarında oturursuz, amma bu gün qurban verdiyiniz, meydana çıxarıb, arxasında durmadığınz gənclər ən ucuz kafelərdə? Əgər vicdanınız varsa, bir az da bunları düşünün. Xalqı qeyrətsiz, şərəfsiz, qorxaq adlandırmaq üçün gərək bu komponentlər insanın özündə cəmləşsin. Əsl qeyrətsizlik, şərəfsizlik, qorxaqlıq başqalarının balalarını önə verib, onları qanunsuz aksiyaya çağırıb, sonra Praqada ən bahalı kafelərdə əlində “noutbuk”la oturub, onlar haqda “status” yazmaqdır. Elə Nida-çı gənclərin həbsinə görə də Emin bəy bir az düşünsə yaxşı olar...