Türkiyənin Malatya şəhərində axşam saatlarında keçirilən nişan mərasimində dəm qazından zəhərlənən 113 nəfər xəstəxanaya aparılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə saat 21:00 radələrində Battalqazi rayonunun Orduzu qəsəbəsində yerləşən mərasim zalında baş verib.
Məlumata görə, qonaqlar nişan mərasimi zamanı özlərini pis hiss etməyə başlayıblar. Hadisə yerinə çox sayda tibbi heyət cəlb olunub. İlk araşdırmalar zamanı qonaqların dəm qazından zəhərləndiyi müəyyən edilib.
Zəhərlənmə əlamətləri müşahidə edilən 46 nəfər dərhal təcili yardımla şəhərdəki müxtəlif xəstəxanalara aparılaraq nəzarətə götürülüb.
Malatya valisi Seddar Yavuz sosial media hesabında hadisə ilə bağlı açıqlama yayıb:
"Battalqazi rayonunda 113 vətəndaşımız toy salonunda dəm qazından zəhərlənmə səbəbindən səhiyyə müəssisələrimiz tərəfindən müalicə olunub. Onların ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib və hazırda bəzi xəstələr evə buraxılmağa başlayıb. Hadisəyə səbəb olan şəxslərlə bağlı araşdırma başlanıb. Həmvətənlərimizə ən xoş arzularımı çatdırır və tezliklə sağalmalarını arzulayıram".
Hadisə ilə bağlı araşdırmalar davam edir.










































