Tanınmış “Euronews” telekanalında yayımlanan verilişdə Azərbaycan şairi Nizami Gəncəvi fars şairi kimi təqdim edilib. Bu gün telekanalda “Gəncə - fars dahisi Nizaminin vətəni” adlı süjet yayımlanıb. Sujetdə Nizami Gəncəvinin XII əsrin fars şairi olduğu və Azərbaycanda doğulduğu deyilir. Tarix elmləri doktoru Cəmil Həsənli AXZEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib. Millət vəkili Nizaminin azərbaycanlı olduğunun tarixən isbatlandığını deyib: “Artıq bu, tarixin, ədəbiyyatın sübut etdiyi bir amildir. Nizaminin Azərbaycana məxsusluğunu onun Gəncəvi olması bir daha sübut edir. Nizamini hər hansı dar məkana sığışdırmaq olmaz. O, dünya şairidir və dünya ədəbiyyatına çox böyük töhfələr verib. O ki qaldı Misir Ərəb Respublikasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəliyinin açılmasına, bu, təqdirəlayiq bir işdir. Bu cür hadisələri yalnız alqışlamaq lazımdır.” Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Misir Ərəb Respublikasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəliyi açılacaq. Nümayəndəliyin əsas məqsədi Misirdə, eləcə də digər ərəb ölkələrində və Afrika regionunda mərkəzin fəaliyyətini koordinasiya etmək və Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Bununla yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının İsgəndəriyyə Kitabxanasında və İsgəndəriyyə şəhərində əbədiləşdirilməsi üçün İsmayıl Seragəldinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizaminin büstü açılacaq və böyük şairə həsr olunmuş xüsusi guşə yaradılacaq.
Fatimə İbrahimova