Nizami Muzeyində işlər yekunlaşmaq üzrədir

MƏDƏNİYYƏT
10:23 11.09.2013
1528

Tikintisinə ötən ilin mayından başlanan muzey zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin qarşısında tikilən Nizami Muzeyində işlər yekunlaşmaq üzrədir. Müasir üslubda tikilən muzeydə istər elmi araşdırmaların aparılması, istərsə də tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. AZXEBER.COM KəpəzTV-yə istinadən verdiyi xəbərə görə, tikintisinə ötən ilin mayından başlanan muzey zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binanın qarşısına mərmər daş düzülüb, işıq dirəkləri quraşdırılıb. İndi isə tikilinin ətrafında yaşıllıq zolağı salınır. Muzeyin içinin işıqlandırılması təmin edilib. Otaqlarda, eləcə də foyedə rəngləmə işləri görülür, həmçinin yerə mərmər döşənilir. İşlərin bir həftəyə tam yekunlaşdırılması nəzərdə tutulub. Gəncə şəhərinin baş memarı Əli Rüstəmli bildirib ki, məqbərədə olan işıqlar burada təkrar olacaq: "Eyni zamanda Nizami Gəncəvinin büstü də burada yerləşdiriləcək və ətrafında çil-çıraqlar yanacaq. İşlər bu qaydada planlaşdırılır. Ümumilikdə isə məqbərə kompleksi muzey ilə birləşir yekun bir mənzərə yaradır”. Nizami muzeyində işlər yekunlaşdıqdan sonra binanın birinci mərtəbəsinin girişində “Heydər Əliyev guşəsi” yaradılacaq. Digər tərəfdə isə Nizami Gəncəviyə həsr olunan eksponatlar sərgilənəcək. Həmçinin binada xidmət otaqları, konfrans zalı fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR