Novella Cəfəroğlu: "Millət Sevinc Osmanqızını bağışlasa, mən bu milləti bağışlamaram"

SİYASƏT
22:02 29.07.2020
2619
Bir neçə gün əvvəl Avropada ermənilərin azərbaycanlılara qarşı təxrinatlarına haqq qazandıran və buna görə qəzəbə tuş gələn Sevinc Osmanqızı növbəti dəfə cəmiyyətdə xoş qarşılanmayan fikirlər səsləndirib. Osmanqızı indi də "Sumqayıt hadisələri" və "20 yanvar" barədə dedikləri fikirlərlə gündəm olub. O, öz verilişində iddia edib ki, bu iki hadisə Azərbaycan xüsusi xidmət orqanlarının hazırladığı plan əsasında baş verib.

"Sumqayıt hadisələri" kimi tarixə keçən olayların arxasında sovet kəşfiyyatının durduğu, erməni provokatorlar tərəfindən törədildiyi məlum olduğu halda S.Osmanqızı bunu Azərbaycan xüsusi xidmət orqanlarının planı kimi qələmə verib.

Bundan başqa S.Osmanqızı Azərbaycanın müstəqillik mübarizəsinin ən önəmli dönüş nöqtəsi kimi qəbul edilən "20 yanvar" olayının baş verməsində də azərbaycanlıları günahlandırıb.

Osmanqızının bu fikirləri bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusudur. Cəmiyyətin tanınmış xanım simalarının da çoxu Osmanqızının bu fikirlərinə görə sərt tənqid edir.

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Musavat.com-a açıqlamasında deyib ki, dövlətin çətin günündə bu cür mövqe sərgiləmək xəyanətdir: "Mən Sevinc Osmanqızını çoxdan tanıyıram. Vaxtı ilə Azərbaycan müxalifətini söyürdü. Mən müxalifətin yerinə olsam, ona bir dəfə də açıqlama vermərəm. Bu gün ölkənin çətin günündə bu cür mövqedə olmaq millətə xəyanət kimi bir şeydir. Çox heyfislənirəm ki, onun atasının belə bir qızı var. Mən də bu dövləti quran insanlardan biriyəm. Bu mübarizə yolunda çiyin-çiyinə olmuşuq, döyülmüşük, söyülmüşük, həbsə atılmışıq. Amma biz Azərbaycanı atıb getməmişik. Hamı da yaxşı bilir ki, mənim ailəm İsraildədir. Gedib orada oturub mübarizə apara bilərdim. Burada qaldım, yaxşısı ilə, pisi ilə ölkəm üçün burada mübarizə apardım. Amerikada oturub Azərbaycanı söymək sənə nə verəcək?".

N.Cəfəroğlunun fikrincə S.Osmanqızı bu mövqeyinə görə həm cəmiyyət, həm də müxalifət tərəfindən qınanamalıdır: "Azərbaycan müxalifəti həmişə deyib ki, Qarabağ məsələsində hökumətin yanındadır. Bu məsələ də müxalifət ortaya mövqe qoymalıdır. Onun verilişinə çıxmamalı, açıqlama verməməlidir.

50 nəfər vətənpərvər azərbaycanlı minə yaxın erməninin qarşısına çıxıb. Amerika belə deyir ki, ermənilərin bu vəhşiliyi qəbulolunmazdır. Axı, sən də bu cür mövqe göstərməməlisən. 50 nəfər azərbaycanlının döyülməsini necə qəbul etmək olar? Sən necə deyə bilərsən ki, azərbaycanlılar bunu etməməli idi?

"Sumqayıt hadisələri" və Bakıda baş verən digər hadisələr rus kəşfiyyatının planları idi. Məqsəd də sovet hakimiyyətinin dağılması idi. Axı sən bir jurnalist kimi bunu bilirsən, bilməlisən. Bilmirsənsə, lap ayıb olsun. Sən bunları bilə-bilə insanları suçlayırsan. Əgər sən Azərbaycana qayıdanda bu millət səni bağışlasa, mən bu milləti bağışlamaram. Bu millət üçün, dövlət üçün can vermişik. Bu gün bizim ən ağır günümüzdür. Azərbaycan hökumətini sevməyə bilərsən. Bəli, ölkədə olan bəzi məsələlər bizim də xoşumuza gəlmir. Amma indi vəziyyət fərqlidir. Sevinc Osmanqızı axı dövlətə qarşı çıxır, bu milləti haqlı olduğu halda günahkar çıxarır. Nə qədər amansız insan olasan, ki bu mövqedə olasan və bu cür çıxış edəsən.

Vaxtı ilə müxalifəti söyürdü. İndi də müxalifət onu boykot etməlidir. Mən heç vaxt Sevinc Osçanqızının bu ikiüzlülüyünə görə bağışlamayacam".

Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı da bu mövzu haqda Musavat.com-a danışıb.

Onun sözlərinə görə, bu cür mövqedən çıxış etmək qəbuledilməzdir: "Bu gün düşmən öz məkrli niyyətini, planlarını Azərbaycanın sərhədinə yönəldibsə, biz birlik olmalıyıq, bir yumruq olmalıyıq. Ona görə də Sevinc Osmanqızının bu fikirləri heç də yerinə düşən deyil. Onu dinləyəndən sonra çox məyus oldum. Bir daha anladım ki, bizə xaricdə düşmən lazım deyil. İçimizdə sapı bizdən olan baltalar bəs edir.

Sevinc Osmanqızının hökumətə, hansısa bir məmura acığı, aqressiyası ola bilər. Amma burada söhbət dövlətdən, dövlətçilikdən gedir. O dövlətçilikdən ki, biz onu qaytarmaq üçün şəhidlər vermişik. O bayrağı qaytarmaq üçün millətin hayqırtısı meydanlardan gəlib. Həmin şəhidlərdən biri də Sevinc Osmanqızının atasıdır. Onun atasının külü bu gün Qarabağda torpağa qarışıb. Onun mövqeyi çox dözülməz və qəbuledilməzdir".

S.Qocamanlı fikirlərinin davamında S.Osmanqızına və onun fikirləri ilə razılaşanlara müraciət də edib: "Osmanqızının fikirlərindən belə çıxır ki, 1988-ci ildən ölkədə başlayan proseslərdə xarici düşmənin, erməninin, heç kimin əli olmayıb? Azərbaycan hökuti kreslosunu qorumaq üçün bu qədər dəhşətə imza atıb? Bunlar nə qədər absurd fikirlərdir.

1988-ci ildən meydanlara çıxanlar, meydanlarda yatanlar, müsətqillik uğrunda savaşan insanlar var. Bizim nəsilin də bu savaşda payı var. Bütün hadisələr xalqın gözü qarşısında olub.

Nainsaflıq çox yüngül sözdür ki, bu cür mövqe sərgiləyən insana deyəsən. İndi xalqın qınağı göz qabağındadır. Bu çox ağır cəzadır. Sevinc Osmanqızı bunu indi anlamır, amma zaman gələcək başa düşəcək, hiss edəcək.

Avropada erməni qarşısına çıxan insanları izlədim. Bu, həmin insanların içindən gələn bir ağrıdır. Mənim övladım da xaricdə yaşayır. Onların borcudur ki, bu mübarizəyə qoçulsun. Həmin nəsil gənc olsa da bu hadisələri bilir, başa düşür. Bilirlər ki, vətən yenə dardadır, vətənə qarşı məkirki siyasət var. Onlar da mübarizəyə qoşulublar. Biz Qarabağ üçün çalışırıq, azad etmək istəyirik. Bir olmalıyıq, birlikdə mübarizə aparmalıyıq. Biz bununla erməninin əlinə sənəd veririk. Bu qədər xalqını, vətənini sevməmək olarmı? Qan bahasına yaradılan bu cumhuriyyəti qorumaq borcumuzdur.

Təkcə Sevinc Osmanqızı deyil. Vidadi İsgəndərli də bu cür absurd fikirlər səsləndirir. Mən özümü qınadım ki, hüquq müdafiəçisi kimi vaxtı ilə Vidadi İsgəndərlinin Göyçayda keçirilən məhkəməsinə getmişəm. Mən düşünürəm ki, bu sözlər hökumətə yox, xalqa da aid edilir. Biz də xalqıq, vətəndaşıq. Şəxsən bu cür mövqe göstərən insanlara qarşı qınaq ancaq nifrət ola bilər. Amma mən heç kimə çağırış etmirəm. Şəxsən mən özüm nifrət edirəm.

Xaricdə olan tələbələrimiz mənə yazır, ağlayırlar ki, bu mübarizədə biz nə edək? Baxın, bu gənclərimizin mövqeyidir. Bu da Sevinc Osmanqızının və digərlərinin mövqeyidir. Mən bir Azərbaycan qadını kimi, ana kimi xahiş edirəm ki, bu cür fikirlər dayandırılsın, birlik olaq, bərabər olaq. Siyasi mübarizəmizi, fikirlərimizi sonraya saxlayaq".

OXŞAR XƏBƏRLƏR

X Mostbet