Novruz Məmmədovun “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı türk dilində çapdan çıxıb

SİYASƏT
03:36 22.10.2015
1061
Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovun “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı türk dilində çapdan çıxıb.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab konkret tarixi dövrü - Azərbaycanın müstəqillik yollarında ilk kövrək addımlarını atdığı 1993-cü ildən başlayaraq artıq mətinləşmiş və nüfuz qazanmış, müstəqil xarici siyasət kursuna malik, dünya ölkələri ilə bir cərgədə qətiyyətlə addımladığı müasir zəmanəmizədək olan dövrü əhatə edir.
Azərbaycanın xarici siyasət kursu necə və hansı şəraitdə müəyyənləşdirilib, ötən illərdə bu siyasət hansı təkamül mərhələlərindən keçib və qlobal geosiyasi dəyişikliklərə nə kimi reaksiyalar verib?
Müəllif kitabda bu və digər suallara cavab tapıb, olduqca çətin və mürəkkəb məqamlarda dramatik dinamizmlə dolu həmin prosesi təhlil edib, ölkənin xarici siyasət kursuna, bu kursun real nəticələrinə müasir geosiyasi nəzəriyyələr kontekstində diqqət yetirib.
Dörd fəsildən ibarət olan kitabın geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr olunmuş birinci fəsli müasir geosiyasi konsepsiyalardan bəhs edir. Sonrakı iki fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional geosiyasi meyillərin qarşılıqlı əlaqəsi prizmasından, güclü dövlət konsepti və regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisindən baxılır.
Əsərin yekunu olan dördüncü fəsil isə xarici siyasətin prioritetlərinin bir-biri ilə əlaqəsinin təhlilinə həsr edilib.
Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyinin dəstəyi ilə Berikan yayım evi tərəfindən çap olunan kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər problemlərini öyrənən tədqiqatçılarla yanaşı, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR