Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Rusiyaya birləşdirilən ərazilərdə hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb.
Bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib.
O, Ukraynadan birləşdirilən "DXR”, "LXR”, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin elan olunması barədə fərman imzaladığını söyləyib.
Bəs hərbi vəziyyətin elan olunması müharibənin gedişatına necə təsir edəcək?
Politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.
O, qeyd edib ki, Ukrayna həmin əraziləri işğaldan azad etmək üçün yeni hücuma hazırlaşır: "Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojyedə həyata keçirdiyi qanunsuz referendum və həmin ərazilərin ilhaq prosesinə Ukrayna heç bir formada barışmayaq. Bu gün Ukraynaya NATO-nun ən güclü silahlar sistemləri ixrac edilir. Bunların içərisində raketlər, yüksək keyfiyyətlərə malik olan müdafiə və hücum silahları da daxildir. Təbii ki, Ukraynanın bu fonda silahlandırılması onun Rusiya təcavüzü qarşısında müqavimət potensialını gücləndirir".
Politoloq indiki məqamda Moskvanın da geri duracağını düşünmür:
"Eyni zamanda Rusiya da bundan sonra hansısa bir formada Ukraynada geriyə addım atmasını özü üçün biabırçı məğlubiyyət hesab edir. Rusiya bu savaşda öz bəlirlədiyi hədəflərə çatmaq üçün sona qədər getməyi əsas götürür. Ona görə də indiki məqamda, özəlliklə Ukraynanın müdafiə qabiliyyətinin gücləndiyi, işğal edilən əraziləri azad etmək üçün hücum taktikalarını artırdığı bir dövrdə hansısa bir formada rəsmi Moskvanın da geri duracağı düşünmürəm. Önümüzdəki günlərdə müharibənin daha qanlı mərhələsinə daxil olacağıq".
Aydın Nuri