Binəqədi rayon məhkəməsində hakimi Tərlan Əkbərovun sədrliyi ilə müğənni Nuranın ( Aynurə Qəzənfər qızı Kazımova) keçmiş həyat yoldaşı Əlirza Surinin ona qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi barədə mülki iş üzrə məhkəmə iclası keçirilib. İran vətəndaşı olan Əlirza Surinin Azərbaycandakı nümayəndəsi, vəkili Telman Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, məhkəmə iclasında iddiaçı tərəf məhkəməyə iddia tələblərinin həcminin artırılması barədə ərizə təqdim edib. Belə ki, ilkin iddia tələblərindən əlavə, indi iddiaçı cavabdehdən mənəvi ziyana görə 50 000 manat təzminat da tələb edir. Aynurə Qəzənfər qızı Kazımovanın nümayəndəsi isə məhkəməyə iddia ərizəsinə dair etirazını və məhkəmə proseslərinin qapalı keçirilməsi barədə vəsatətini təqdim edib. Hakim Tərlan Əkbərov iş üzrə məhkəmə iclaslarının qapalı keçirilməsi barədə qəradad qəbul edib. Qeyd edək ki, növbəti məhkəmə iclası oktyabrın 5-nə təyin olunub.