"O, barəsində deyilən hər bir təhqirə layiq olan bir siyasətçidir" - Partiya sədri

"O, barəsində deyilən hər bir təhqirə layiq olan bir siyasətçidir" - Partiya sədri
SİYASƏT
12:58 13.08.2021
2080

"Jirinovskinin cəmiyyət tərəfindən nə qədər qeyri-ciddi siyasətçi kimi təqdim olunmasına çalışılsa da, o, Rusiya Dumasında dörd fraksiyadan birinin rəhbəridir. Eyni zamanda deputat yerinə malik olan partiyanın rəhbəridir. Onun sözlərini və ifadələrini ciddiyə almamağın özü qeyri-ciddilikdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. O, bildirib ki, Jirinovskinin təhqirlərinə ictimai qınaqdan başqa bir şey edilmədi: "Düzdür, zamanında Jirinovski adlı tərbiyəsiz, yerinibilməz siyasətçi Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı öz tərbiyəsinə layiq ifadələr işlədib. O zaman da cəmiyyət hərə öz bacardığı qədər reaksiya vermişdi. Amma təəssüf ki, biz o zaman həm siyasilər olaraq, həm dövlət olaraq hər hansı bir hüquqi addım atılması istiqamətində heç bir iş görmədik. Yəni ümumi ictimai qınaqdan başqa bir şey etmədik və ya belə deyək, təhqirə təhqirlə cavab verməkdən başqa bir addım atmadıq. Amma bu gün İsfəndiyar Vahabzadənin ifadələrini artıq bütün media müzakirə edir, onun Rusiyaya girişinə qadağa qoyulur və onun cəzalandırılması ilə bağlı da rəsmi müraciət etmək istəyirlər. Dolayıs ilə hüquqi yollarla bu nümunənin qarşısını almaq istəyirlər”.

Tural Abbaslı onu da qeyd edib ki, Rusiya ictimaiyyətinə Azərbaycanla bağlı təhqirlər işlətməmələri üçün sərt reaksiyalar verilməlidir: "Jirinovski onun barəsində deyilən hər bir təhqirə layiq olan bir siyasətçidir. Amma ümumiləşdirəndə buna rus xalqının mövqeyi demək deyil. Çünki ruslar da bu məsələnin üzərinə gedəndə Jirinovskini ikinci plana qoyurlar və orada rus xalqının təhqir olunmasını əsas gətirirlər. Hər halda biz öz vətəndaşımızı ruslara xərclətməməliyik deyə düşünürəm. Biz Rusiyaya da mesaj verməliyik ki, əgər belə sözlər eşitmək istəmirsinizsə, belə yollardan istifadə etməyin. Rusiyanın da məsələdən sui-istifadə edərək guya böyük bir şey olubmuş kimi bizim üzərimizə gəlməsi, sülhməramlılıq missiyasını yerinə yetirməməsi, ermənilərə himayədarlıq etməsi məslələrini ikinci plana atılmasına imkan verməməliyik. Bu məsələyə keçmiş səfirlə bir partiya rəhbəri arasında məsələ kimi baxıb, çox da siyasiləşdirməməliyik. Əsas fikri Rusiya-Azərbacan münasibətlərinə kökləmək lazımdır”.

Xatırladaq ki, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı sabiq səfiri İsfəndiyar Vahabzadəyə bu ölkənin ərazisinə 50 illik müddətinə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Buna səbəb İsfəndiyar Vahabzadənin Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Rus xalqı ilə bağlı səsləndirdiyi fikirlərdir.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR