"O dairələrin məqsədi Azərbaycana basqıları artırıb, öz maraqlarına nail olmaqdır" - Azər Həsrət

SİYASƏT
12:45 22.09.2014
1361
2014-cü il sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə edilərək səsvermədən keçib. Qurumun bir qrup üzvünün təşəbbüsü və səyləri nəticəsində AP Azərbaycana qarşı sənəd qəbul edib.Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu tip qətnamələr Azərbaycanın günü-gündən artan nüfuzu ilə bağlıdır: 
"Azərbaycana qarşı təzyiqlərin məhz ölkəmizin müstəqil siyasəti, xüsusilə enerji ehtiyatlarının hasilatı və nəqlində öz milli maraqlarına uyğun addımlar atması ilə bağlı olduğunu iddia edənlər də haqlıdırlar. Qərbin bəzi dairələri hesab edirlər ki, müxtəlif ölkələrin zəngin enerji ehtiyatları yalnız onların maraqlarına xidmət etməlidir. Buna nail olmadıqları təqdirdə isə müxtəlif bəhanələrlə təzyiqlərə başlayır, sanksiyalar tətbiq edir və hətta hərbi müdaxilələrə qədər gedib çıxırlar. İraq, Liviya, Suriya və digər ölkələrdə baş verənlər, hər halda, bunun sübuta ehtiyacı olmayan əyani örnəkləridir.

Bu təzyiqlər həm də ölkəmizin anti-İran və anti-Rusiya xarakterli layihələrdə yer almaqdan imtina etməsi ilə bağlı ola bilər. Sirr deyil ki, həm Qərb mediası, həm də bəzi ekspertlər Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq üçün durmadan dəridən-qabıqdan çıxırlar"

Azər Həsrət hesab edir ki, bir qrup deputatın ölkəmizə basqılarının kökündə şəxsi maraqlar durur: 
"Azərbaycanın əleyhinə qəbul edilən qətnamələri hazırlayan və müzakirəyə çıxaran qrupun tərkibi də maraqlıdır. 2012-ci ildəki qətnamə 754 deputatı olan AP-nin yalnız 56 üzvünün iştirakı etdiyi iclasda müzakirə edildi və 49 nəfərin lehinə səsverməsi nəticəsində qəbul olundu. İddia olunur ki, budəfəki qətnamə layihəsi 46 deputat tərəfindən hazırlanıb. Ancaq onların kimliyi açıqlanmır. Burada söhbət Avropanın tamamından getmir. Çünki Avropa Parlamentinin 754 deputatı var. Əgər Azərbaycanla bağlı məsələlər bütün deputatların iştirakıyla müzakirə edilsə, nəinki bizə qarşı qətnamə çıxmaz, ümumiyyətlə Azərbaycan haqqında xoş sözlər deyilərdi. Demək istədiyim odur ki, bu qətnamə kiçik bir qrupun bəzi dairələrin maraqlarına xidmət edən təşəbbüsüdür. O dairələrin də bundan məqsədi Azərbaycana basqıları artırıb öz maraqlarına nail olmaqdır".
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR