"O, heç toyuq başı da kəsə bilmirdi" - 25 nəfərin öldüyü yanğınla bağlı məhkəmə prosesi

KRİMİNAL
19:01 23.10.2018
4291

Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesində zərərçəkmiş şəxs qismində Emin Quliyev ifadə verib. Hadisədən 20 gün əvvəl Mərkəzdə müalicə almağa getdiyini deyən Quliyev narkotik istifadəçisi olduğunu bildirib.

Zərərçəkən qeyd edib ki, hadisə vaxtı yatırmış: "Dərmanların təsirində idim. Yanğın olan zaman otaq yoldaşım Şahin və Mirfərid məni oyatdı. Duranda hər yer yanırdı, alov içindəydi. Tüstüdən çətinliklə çölə çıxdıq. Əlim yanmışdı, tüstüdən boğulurdum. Kimsə məni dartıb çölə çıxartdı. Həmin vaxt Məhəmmədi görmədim".

Emin Quliyev bildirib ki, Mərkəzdə olan zaman Məhəmməd Məmmədovla normal münasibəti olub. Məhkəmədə şahid qismində Məhəmməd Məmmədovun bacısı Bəsti Yəhyayeva dindirilib.

O, bildirib ki, yanğından sonra qardaşı evlərinə gəlib: "Mən işdə idim. 8-in yarısı zəng gəldi ki, Məhəmməd gəlib. Danışdım onunla, dedi, yandı ora, gəldim. Soruşdum niyə yanıb. Səbəbini bilmədiyini dedi. Bizə gələndə də özünü günahı olan adam kimi aparmırdı. Üstü başı pis gündəydi. Ayaqqabısı yox idi. Puı verdim ki, gedib özünə ayaqqabı alsın".

Qadın qeyd edib ki, Məhəmmədin tutulmasını televizordan bilib: "Qardaşımın belə bir hadisə törətdiyinə inanmıram. O, heç toyuq başı da kəsə bilmirdi".

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.

OXŞAR XƏBƏRLƏR