Elxan Şahinoğlu: “Ovanisyan inqilabdan və qarşıdurmadan çəkinir, üzərinə məsuliyyət götürmək istəmir...”
Ermənistanda fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayan və özünü seçkilərin qalibi elan edən keçmiş xarici işlər naziri Raffi Ovanisyan ölkəboyu aksiyalar keçirir. Seçkilərdə qalib gəldiyini iddia edən namizəd artıq Aştarak, Spitak, Gümrü, Vanadzor bölgələrində aksiyalar keçirib. Bəs, yaranmış situasiya düşməm ölkədə narıncı inqilaba gətirə bilərmi?
Mövzu ilə bağlı söhbət etdiyimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bunu mümkün saymır. Ekspertin fikrincə, R.Ovanisyan buna hazır deyil: “Ermənistanda Gürcüstan və Ukraynadakına bənzər rəngli inqilab, ermənilərin termini ilə desək, ”ərik inqilabı" gözləmirəm. Birinci ona görə ki, seçkinin saxtalaşdırıldığını vurğulayan Raffi Ovanisyanın özü inqilabdan və qarşıdurmadan çəkinir, üzərinə məsuliyyət götürmək istəmir. Bu həm də onunla bağlıdır ki, bəlkə də onun özü gözləmədiyi halda, saxtakarlıqlara rəğmən, 36 faiz səs topladı. Bu, bir növü Azərbaycanda 1998-ci il prezident seçkisinə bənzəyir. Seçkiyə bu və ya digər səbəblərdən müxalifət liderləri - Əbülfəz Elçibəy və İsa Qəmbərin qatılmadığı şəraitdə bütün narazı səslər Etibar Məmmədova getdi və o, keçmiş prezident Heydər Əliyevlə faktiki başa-baş mübarizə apardı. Eyni ilə Ermənistanda da müxalifətin iki əsas namizədi - Levon Ter-Petrosyan və Qaqik Tsarukyan seçkiyə qatılmadıqlarından narazı elektoratın bütün səsi Raffi Ovanisyana getdi. 1998-ci ildə Etibar Məmmədov da seçkinin nəticəsinə etiraz etmək istədi, ancaq o da qəti addımlardan çəkindi və faktiki bununla da siyasi karyerasına son qoydu. Bu gün Raffi Ovanisyan da səslərini qorumaq üçün qəti addımlar atmasa, siyasi atmosfer onu da arxa plana atacaq".
E.Şahinoğlu deyir ki, Raffi Ovanisyan seçkidən sonra özünü qalib elan etsə də, faktiki olaraq proseslərdə Sərkiyana uduzub və onun yenidən təşəbbüsü ələ alıb inqilab edəcəyi inandırıcı deyil: “Məncə, bunda Sərkisyanın da hiyləgər gedişinin rolu oldu. O, Ovanisyanla görüşüb, televiziya ekranları qarşısında gülərüz pozalar verməklə həm daxili, həm də xarici auditoriyanı sakitləşdirməyə və bir növü ”mən dialoqa hazıram" deməyə çalışdı. Bu görüşdən sonra Ovanisyan müsahibələrində prezident seçkisinin ikinci turunun mümkünlüyünə də eyham vurmağa başladı. Yəni o, Sərkisyanla savaşmağa, insanları meydanlarda polisə müqavimət göstərməyə çağırmağa daxilən hazır deyil. Digər tərəfdən, başa düşür ki, 2008-ci ildə narazı vətəndaşlara atəş açan rejim hakimiyyətini qorumaq üçün indi də eyni üsula gedə bilər. Əgər Serj Sərkisyan 2008-ci ildə daha güclü rəqibi Levon Ter-Petrosyana qarşı güc işlətdisə və sonda onun radikal tərəfdarlarını tərk-silah etməyə nail oldusa, ondan daha zəif Raffi Ovanisyanı daha asanlıqla tək-silah edə bilər. Müqayisə üçün onu da deyək ki, Levon Ter-Petrosyanın 2008-ci ildə meydanlara çıxardığı vətəndaşlar sayca indikindən daha çox idi".
Ekspertin qənaətincə, Ermənistanda rəngli inqilabın baş verməyəcəyinə dəlalət edən ikinci səbəb beynəlxalq aləmin Sərkisyanı növbəti 5 il üçün də legitimləşdirməsidir: “Seçkidən öncə Kreml və Vaşinqton Sərkisyanın yoluna davam etməsi üçün razılığa gəliblər. Seçki saxtakarlıqlarına rəğmən, Sərkisyanı ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin oldu. Vaşinqton da borclu qalmadı. ABŞ Dövlət Departamenti seçkilərdə qüsurların olduğunu vurğulasa da, faktiki Sərkisyanı prezident qismində tanıdı. Hətta Ankara belə Sərkisyanı təbrik etməyə tələsdi. Bütün bu təbriklər isə Raffi Ovanisyanın mövqeyini zəiflətdi, dünya liderləri təbriklərini bir qədər gecikdirsəydilər, bəlkə də Ovanisyan qəti mövqedən çıxış etməyə həvəslənərdi. Belədə isə Rusiya və Qərb dünyası Raffi Ovanisyanı heçdən saydılar”.
E.Şahinoğlu deyir ki, buna baxmayaraq, Ovanisyan səssiz də qala bilməz: “O, narazı elektoratla bir müddət əlaqəni kəsməməli, şəhər və qəsəbələrdə görüşlər keçirməlidir. Ancaq bu görüşlər və mitinqlər tədricən azalmağa doğru gedəcək və beynəlxalq mətbuatın da diqqətini çəkməyəcək. Sərkisyanı Ovanisyanın bu taktikası qorxutmur və ona görə hələ ki güc işlətməkdən çəkinir. Yox, əgər o, mitinq və yürüşlərin hakimiyyəti üçün təhlükəli olacağını görsə, tərəddüd etmədən polis və ordunun xidmətlərindən istifadə etməyə qərar verəcək. Avtoritar ölkələrdə iqtidarlar hakimiyyətlərini asanlıqla itirmirlər, qanlı qarşıdurmaya da hazırdırlar, çünki itirəcəkləri çox şey var”.
Yeni Müsavat