Artıq bir neçə gündür ki, ölkə gündəmini Sabirabadda 4 yaşlı uşağa qarşı baş verən seksual xarakterli hadisə zəbt edib.
64 yaşlı şəxsin 4 yaşlı qız uşağına etdiyi hərəkətlər cəmiyyət tərəfindən qəzəblə qarşılanıb.
Baş verən hadisə ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev həmin şəxsin cəmiyyətdən təcrid olunmalı olduğunu deyib:
"Ümumiyyətlə, azyaşlı uşaqlara qarşı zorakılıq edən şəxslər yəqin ki, psixi cəhətdən də xəstədilər. Onlar normal insan sayıla bilməz. Heç bir normal düşüncəli insan, normal psixologiyası olan insan bu addımı atmaz. Ya bu dəlidir, ya psixdir, yada ki artıq insanlığını itirmiş bir məxluqdur. Artıq ona insan demək olmaz, insan cildinə girmiş bir şeytan demək olar.
Ona görə də əgər bir insan bir dəfə bu cür adım atıbsa, ondan bunun ikincisini, üçüncüsünü, dördüncüsünü, beşincisini də gözləmək olar. Bu baxımdan onlar bütövlükdə həmişəlik cəmiyyətdən təcrid olunmalıdırlar".
Millət vəkili bu mövzuda təşkilatların da üzərinə ciddi iş düşdüyünü bildirib:
"Bu çirkin hadisəylə bağlı təşkilatlar düşünməli və müəyyən addımlar atmalıdır. Çünki qanunvericilik var. Bayaq da qeyd etdiyim kimi, ilk olaraq həmin şəxs həkimlər tərəfindən müayinə olunmalıdır. Xəstədirsə, mualicə müəssisəsində yatmalı və sonra da cəzasını çəkməlidir. Bu müddət ərzində də bütövlükdə cəmiyyətdən təcrid olunmalıdır. Mən başqa bir yol görürəm".
Razi Nurullayev bu mövzuda hər kəsin mövqeyini ortaya qoymalı və ictimai qınağın möhkəm olmalı olduğunu bildirib:
"Düşünürəm ki, bütün cəmiyyətin tanınmış insanları, təşkilatlar, dövlət orqanları hər bir kəs bu məsələnu lənətləməlidir. Bu məsələdə mövqeyini ortaya qoymalıdır. İctimai qınaq o dərəcədə möhkəm və güclü olmalıdır ki, heç kim psixikası pozğun olsa belə, o ictimai qınaqdan qorxaraq belə bir addımı ağlından belə keçirməsin. Baş verən hadisəyə çox üzülürəm. Bu çox böyük bir cinayətdir. Bunu xatırlamaq, göz qabağına gətirmək, oxumaq, eşitmək özü insanın rahatlığını günlərlə, aylarla pozur. Allah heç bir valideynin və heç bir ailənin başına belə bir müsibəti gətirməsin".
Günel Hüseynli