Obama Azərbaycanla Ermənistanı da barışdıra bilərmi? – POLİTOLOQ RƏYİ

Obama Azərbaycanla Ermənistanı da barışdıra bilərmi? –  POLİTOLOQ RƏYİ
11:40 27.03.2013
1030

İsraillə Türkiyənin barışdırılması bu sualı da aktuallaşdırıb.

İsraillə Türkiyənin münasibətlərinin normallaşması üçün birincinin üzr istəməsində ABŞ-ın, xüsusilə də prezident Barak Obamanın rolu olduğu bəllidir. Azərbaycanın bir sıra tanınmış siyasətçiləri və politoloqları da öz şərhlərində bu fikri xüsusi vurğulayırlar. Məsələn, deputat Fazil Mustafa bildirib ki, ABŞ bölgədə siyasi planlarının gerçəkləşməsi üçün ağırlığı Türkiyə ilə İsrailin üzərinə qoyduğundan İsraili inadkar davranışdan əl çəkməyə məcbur etdi.

İran, Suriya və Fələstin məsələlərində çox güman ki, Türkiyə və İsrailin birgə siyasət yürütməsi nəzərdə tutulub. Bütün hallarda Türkiyənin bölgədəki rolunun artması üçün ABŞ yeni imkanlar açmış oldu.

Fazil Mustafa facebook səhifəsindəki statusunda yazıb ki, baş verənlər böyük planın tərkib hissəsidir. Deputatın qənaətincə, nə yazıq ki, heç də uzaq olmayan bir zamanda Qarabağ məsələsində Azərbaycanı da bu seçim qarşısında qoyacaqlar.

ABŞ prezidentinin kifayət qədər gücə malik İsraili barışa razılaşdıra bilməsi "Obama Azərbaycanla Ermənistan arasında illərdir davam edən münaqişəyə də son qoya və iki dövləti barışdıra bilərmi" sualını gündəmə gətirir.

Bu suala cavabında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, Türkiyə-İsrail münasibətləri ilə Azərbaycan-Ermənistan münaqişəsini eyniləşdirmək olmaz. Bunlar tamamilə fərqli mövzu, fərqli problem və fərqli regiondur. İsrail ABŞ-ın bölgədə vuran əlidir. Eyni zamanda regionda dayaq nöqtəsidir. ABŞ-ın İsrailə təsir imkanları həddən artıqdır. Ermənistan isə hələ də Rusiyanın təsiri, idarəçiliyi altındadır: “Ermənistanın ağası Rusiyadır. ABŞ-ın Ermənistana təsir imkanlarını bu faktor zəiflədir. Dağlıq Qarabağ problemi də məhz Rusiya tərəfindən süni yaradılmış problemdir. Ona görə də Ermənistan hətta istəsə belə, Qarabağ problemini Rusiyanın razılığı olmadan həll edə bilməz, Azərbaycanla münasibətləri yaxşılaşdıra bilməz. ABŞ prezidenti Barak Obamanın istəyi olsa belə, İsraillə Türkiyəni barışdırdığı kimi Ermənistan-Azərbaycan məsələsində bunu təkrarlaya bilməz. Bu reallığı sözsüz ki, Obama bilir. Bildiyi üçün də Ermənistanla Azərbaycanın arasındakı problemi çözmək işinə girişmir. Dəqiq bilir ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarıb müstəqilləşdirmədən cəhdlər çətin və nəticəsiz olacaq. Ən azından Qarabağ problemi məsələsində Rusiya ilə uzlaşma olmadan ABŞ barışığa nail olmaq üçün prosesə başlamır”.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR