Bakıda 15 yaşlı yeniyetmə Nigar Mustafayeva "Phobia Games" adlı əyləncə mərkəzinin qorxu evində xəsarət alıb. Girişdə azyaşlılardan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaşları yoxlanılmayıb. Valideynin iddiasına görə, yeniyetmə heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və 26 manat ödənişdən sonra oyun otaqlarına daxil olublar.
Şikayətdə qeyd edilir ki, hadisə baş verən otaqda divarda quraşdırılmış qutunun qapağı açıq qalıb. İddiaya görə, işçi əvvəlcə digər uşağı, ardınca isə azyaşlını itələyib və həmin vaxt 15 yaşlı yeniyetmə açıq qalmış qutunun iti qapağına dəyərək yıxılıb.
Bu halda ortaya belə bir sual çıxır ki, azyaşlının hər hansı sənədi imzalaması hüquqi baxımdan nə dərəcədə doğrudur?
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında deyib ki, yetkinlik yaşına çatmamış şəxslər yalnız xırda məişət əqdləri bağlamaq hüququna malikdirlər:
"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən yetkinlik yaşına çatmamış şəxslər yalnız xırda məişət əqdləri bağlamaq hüququna malikdirlər. Bu çərçivədən kənara çıxan, xüsusilə risk və təhlükə ehtimalı olan müqavilələrdə onların imzası hüquqi qüvvəyə malik hesab edilmir. Buna görə də azyaşlının əyləncə mərkəzində təhlükəli atraksiondan istifadə etməzdən əvvəl hər hansı sənədi imzalaması hüquqi baxımdan etibarsızdır və öhdəlik yaratmır. Üstəlik, valideyn razılığı tələb olunan hallarda belə, qanunvericilik azyaşlıların həyat və sağlamlığı üçün real təhlükə yaradan fəaliyyətlərə icazə verilməsini qadağan edir. Yəni valideynin razılığı olduqda belə belə fəaliyyətlər hüquqi legitimlik qazanmır”.
Vəkil bildirib ki, azyaşlıya dəymiş xəsarətin ağırlığı, inzibati xəta və ya cinayət tərkibi məsələsi isə yalnız müvafiq tibbi-ekspertiza rəyi əsasında müəyyən edilə bilər:
"Hadisə nəticəsində azyaşlıya dəymiş xəsarətin ağırlığı, inzibati xəta və ya cinayət tərkibi məsələsi isə yalnız müvafiq tibbi-ekspertiza rəyi əsasında müəyyən edilə bilər və bu rəy hadisənin hüquqi qiymətləndirilməsində əsas sübut rolunu oynayır. Eyni zamanda qanunvericilik müəssisələrin azyaşlıların təhlükəsizliyini təmin etmək öhdəliyini xüsusi vurğulayır”.
R.Qaraşov qeyd edib ki, əyləncə obyektləri yalnız texniki cəhətdən təhlükəsiz qurğular təqdim etməli deyil:
"Əyləncə obyektləri yalnız texniki cəhətdən təhlükəsiz qurğular təqdim etməli deyil, həm də yaş və boy məhdudiyyətlərinə riayət etməli, uşaqların nəzarətsiz istifadəsinə yol verməməli və əməliyyat prosesində maksimum təhlükəsizlik standartlarını tətbiq etməlidirlər. Çünki valideyn razılığı da daxil olmaqla heç bir razılaşma azyaşlının sağlamlığına təhlükə yaradan əməliyyatları qanuniləşdirmir və belə hallar baş verdikdə müəssisənin məsuliyyətini aradan qaldırmır. Bu öhdəliklərə əməl edilməməsi mülki məsuliyyət daşıyır. Həm də ağır xəsarət yetirilməsi və ya təhlükəsizlik qaydalarının kobud pozulması hallarında cinayət məsuliyyəti ilə nəticələnə bilər”.
Şahanə Ziyad










































