Olaylar, Mirzə Cəlil və Tükəzban xala - KÖŞƏ

Olaylar, Mirzə Cəlil və Tükəzban xala - KÖŞƏ
KÖŞƏ
23:14 02.02.2012
12246

Sədaqət Əhmədova Olaylar, Mirzə Cəlil və Tükəzban xala

Ötən il portallardan birində mətbuat aləmində tanınan və sözükeçən bir şəxsin müsahibəsini gördüm və həvəslə oxumağa başladım. Ümid edirdim ki, söhbət zamanı mətbuatda dilimizin saflığı barədə fikirlərə də toxunulacaq. Amma oxuduqca heyrətləndim – hər cavab mətnində bir neçə Türkiyə türkcəsində söz işlətmişdi. Ürəyimdə deyinə-deyinə orfoqrafiya lüğətini əlimə aldım: “Hər kəs başını itirəndə mollanın yanına qaçır, molla başını itiribsə... “

Kitabxanamda iki qalın orfoqrafiya lüğəti var, biri sovet vaxtına aiddir - qoydum kənara. O biri 2004-cü ildə, yüksək keyfiyyətlə (böyüklər demiş “nəfis şəkildə”) nəşr olunan, bir neçə alimin tərtib etdiyi, 80.000 sözü (əvvəlki lüğətdə 58.000) əhatə edən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”dir. O sözlər bizim sözümüzdürsə, lüğətdə olmalı deyildimi? Bu dəfə də, əlimdə lüğət, donub qaldım: olay, ilişgi, durum, durumsuzluq, duyarlıq, gündəm, bulmaq, bulunmaq, gömmək, barınmaq, dış, dışarı... Mənim 80.000 sözü oxumağa səbrim çatmaz, o qədər sözü burada sadalamağa da... Qeyd edim ki, vərəqlədiyim səhifələrdə çoxlu sayda heç vaxt eşitmədiyim terminlərlə, türkcə, rusca, rus dilindən keçərək dilimizə “uyğunlaşdırılmış” sözlərlə yanaşı, saysız-hesabsız anlaşılmaz sözə də rast gəldim. Məsələn: ağzıharfa, bidil, xəspuşlama, xüm (“xüms” deyil), kiyər, kiyekdirmək, qağazlanmaq, qövşə, laəqəl, mıçırlanma... Mən də deyirəm, görəsən, əvvəllər dilimizdə olmayan 22.000 “neologizm” hardan gəlir!.. Nə isə... Bu, necə deyərlər, başqa söhbətin mövzusudur. Hər halda, bu sözlər, türk qardaşlarımızın sözləri kimi, ədəbi dilimizi – bəzi müasir yazıçıların, mətbuat işçilərinin, tənqidçilərin “leksikasını” işğal etməyib.

Yadıma bir “olay” düşdü. Diplom işim işlənməmiş mövzudan idi: “Y.V.Çəmənzəminlinin tarixi romanlarında qədim türk sözləri”. Müstəqil olaraq, lüğətlərlə işləməli idim. Bir ay M.F.Axundov adına kitabxanada əsərlərdən seçdiyim qədim sözləri “Древнетюркский словарь”la, bir neçə başqa çoxcildlik lüğətlə tutuşdurdum, mənalarını dəqiqləşdirdim və diplom rəhbərim, gözəl alim, yaxşı insan, kübar müəllim olan, mərhum Samət Əlizadənin yanına getdim. Samət müəllim bir neçə sözü göstərib, “Çox əziyyət çəkmisən, əvvəldən gəlsəydin, sözləri seçməkdə kömək edərdim, bunları çıxart, bunlar lüğətdə olsa da, qədim türk sözü sayılmır, çünki, müasir türk dilində işlənir” dedi. Mənə tanış olmadığı üçün qədim türk sözü kimi qəbul etdiyim həmin sözlər, ilk baxışdan çox oxşar görünən türk dillərinin, əslində, nə qədər fərqləndiyini bildirirdi. (O vaxtlar türk dilini yalnız şərqşünaslıq fakültəsinin türk dili bölməsində təhsil alanlar və türkoloqlar bilirdi. İndi türk dilini başa düşürəm, amma türk dilində əlimə keçən “Yüz yıllık yalnızlık” əsərini başa düşməkdə çətinlik çəkdim və oxumadım – həm leksik, həm qrammatik cəhətdən xeyli fərq var, çoxmərtəbəli təyinlər, türk dilinin özünəxas frazeoloji birləşmələri türk ədəbi dilini bilməyən oxucunu yorur.)

Ötən il televiziya verilişlərindən birində türkdilli xalqlar üçün vahid ümumişlək dil zərurəti mövzusunda diskussiya aparılırdı. Müzakirədə türk və azərbaycanlı dilçilər, o cümlədən, görkəmli türkoloq alim Tofiq Hacıyev iştirak edirdi. Ümumi fikir bu oldu ki, həmin məqsəd üçün Türkiyə türkcəsi ən əlverişli variantdır. Keçmiş sovet respublikaları üçün rus dilinin belə bir funksiyası vardı və, həqiqətən, lazımlı idi. İndiki dövrdə türk xalqlarının mədəni, iqtisadi-siyasi əlaqələrinin genişlənməsi, eləcə də türkçülüyün dərinləşməsi üçün vahid ümumişlək dilin olması vacibdir. Amma ümumi dilin yox, məhz ümumişlək dilin! Təkcə keçmiş SSRİ ərazisində 30-dək türkdilli xalq yaşayır: qazax, qırğız, özbək, türkmən, tatar,başqırd, qaqauz, qaraqalpaq, çuvaş, uyğur... İndi nə edək, hamımız kütləvi şəkildə “türkük” deyib öz dilimizi yaddan çıxaraq? Bütün türk xalqları eyni dildə danışsaydı, bu qədər rəngarəng “türk xəritəsi”ni qoruyub saxlamaq olardımı? Onsuz da, dilimizdə kifayət qədər alınma söz var, indi də Tükəzban xalaya deyək ki, sən ana dilində düz danışmırsan, gərək “sadə adamam” əvəzinə “sıradan biriyəm” deyəsən, “heyifsiləndim” əvəzinə “üzüldüm”, “yoruldum, əldən düşdüm” yerinə “tükəndim, bitdim” və sair və ilaxır?.. Allah Mirzə Cəlilə min rəhmət eləsin, bir əsr keçib, yenə də “Anamın kitabı”ndakı zamandan çox uzağa gedə bilməmişik. Gülbaharlar yenə həyəcan təbili çalır -- şəhərimizi “bəzəyən” yaddilli reklamlardan,restoran, şadlıq evləri, mağaza, şirkət adlarından, doğma dilimizə yad münasibətdən yazırlar, amma qulaqlar təbilin səsini küçədəki maşınların səsindən fərqləndirmir...

Ötən əsrdə əlifbamız dörd dəfə simasını dəyişdi: ərəbdən latına keçdik, sonra kirilə (arada bəzi hərflərə yenidən əl gəzdirdik), sonra yenə latına (burda da əlgəzdirmələr oldu). Vallah, belə ki öyrəşmişik, qorxuram, bu da son olmaya! Mən də neçə vaxtdır, baş sındırıram ki, niyə öz əlifbamız yoxdur?.. Amma, o da var ki, buqələmun kimi cilddən-cildə girmək də hər oğulun işi deyil! Dilimizin də başına eyni oyunu açırıq, bir neçə ildən sonra da olacaq osmanlı türkcəsinin “azeri” qolu...

Yanlış anlaşılmasın, mən, bir türk köklü xalqın nümayəndəsi olaraq, Türkiyəni də, türk xalqını da çox sevirəm, bu sevgi “türk” sözünü dilimizə gətirə bilmədiyimiz vaxtlardan başlayır. Amma, bir vətəndaş olaraq, ana dilimi daha çox sevirəm - necə ki, türk öz türk dilini hər bir dildən, həmçinin, Azərbaycan türkcəsindən üstün tutur. Başqa ölkələrin heç birində heç kim öz dilini qoyub gəlmə insanla onun dilində danışmaz! O ölkələrdə məskunlaşan hər bir insan həmin ölkənin rəsmi dövlət dilini öyrənməlidir. Biz isə bu sahədə də “qonaqpərvərliyimizi” göstəririk. Halbuki, heç bir xalq onu yamsılayan başqa bir xalqa hörmət etməz!

SSRİ zamanında əksər idarə və müəssisələrdə rəsmi yazışmalar rus dilində aparılırdı, Bakı əhalisinin, demək olar ki, 90%-i rus dilində təmiz və aksentsiz danışırdı. Bununla belə, rus sözləri ədəbi dilə keçmirdi. Rusdilli ziyalılarımız belə, danışıqlarında gah rus, gah Azərbaycan sözləri işlətsələr də, buna efirdə, mətbuatda yol vermirdilər. Bəlkə, türk dili bizə bu qədər doğma olduğu üçün türk sözlərini asanlıqla “evimizə” buraxırıq? Bəlkə elə bu səbəbdən, öz şifahi və yazılı nitqində türk sözlərinə geniş yer verənlər də, əsasən, ziyalılardır - illərin türk sözünə olan həsrətini bu şəkildə doydururlar? Bəs öz dilimiz necə olsun?

Təkcə sözlər olsaydı, dərd yarıydı, bəzi yazıçı və tənqidçilərdə maraqlı bir vərdiş də yaranıb – şəkilçiləri, ən çox da nəqli cümlələrin xəbər çəkilçilərini ixtisara salırlar (bu, danışıq tərzidirmi, fərqlənmək manerasıdırmı?), beləliklə, nəqli cümlə, bir növ, adlıq cümləyə bənzəyir. Məsələn:”Səbəb? Cəmiyyətdə yazıçı əməyinə qiymət verən yox (dur).” (Amma fikir hədəfə dəyir!) Bəzi hallarda isə “da,də” ədatını türk qrammatikasına uyğun (bizim üçün gərəksiz olan yerdə) işlədirlər. Məsələn: “... bu sualların heç biri sosiumdan, cəmiyyətdən deyil də (?), sənətin bilavasitə mahiyyətindən qoyulur...” Bəzən də, misalçün, “narahat görünürsən” əvəzinə, “rahatsızsan kimi gəlir adama” kimi türksayağı ifadələr işlədilir. Misalları artırmaq olar, amma mənzərə aydındır. Belə bir “xidmət”in nəticəsində dil qrammatik cəhətdən də deformasiyaya uğrayır. Halbuki, dilin saflığı məsuliyyəti dilçilərlə birlikdə yazıçı və tənqidçilərin də peşə borcudur. Yenə “molla başını itirəndə...” deyəcəkdim, amma...

Məlumdur ki, Türkiyə dövləti ölkədən kənarda çox uğurlu və uzaqgörən bir maarifçilik fəaliyyəti aparır – Avropa, Asiya, Afrika, hətta Avstraliya və okean ölkələrində türk liseyləri açır, hər il həmin liseylərdən olan şagirdləri Türkiyəyə toplayıb türk dili olimpiadaları keçirir. Bu liseylərin əksəriyyəti ödənişlidir (ilk vaxtlar ödənişsiz olanların da çoxu sonradan ödənişliyə keçir), beləliklə, maliyyə itkisi vermədən, xarici ölkələrin öz daxilində türk dili və mədəniyyətini mənimsəmiş vətəndaşlar hazırlanır. Məsələnin sırf siyasi tərəflərinə toxuna bilmərəm, hər bir halda, bu fəaliyyət türkçülüyə xidmət edir. Amma həmin liseylərə ən yüksək balla, ən ağıllı uşaqların qəbul olunduğunu, ölkəmizdə də belə liseylərə, təhsilin keyfiyyəti baxımından, böyük tələbat olduğunu qeyd etmək vacibdir. Daha bu sahədə “ağabey”lərə bizim kömək etməyimizə ehtiyac qalmır. Amma düşünməyə ehtiyac var – biz dilimiz üçün nə edirik? Axı dil milləti və dövləti həm formalaşdıran, həm də təsbit və təyin edən əsas amillərdəndir, tarixi müəyyən edən faktorlardandır – yazılı tarixi abidələrin, daş kitabələrin, klassik ədəbiyyat nümunələrinin mənsubiyyətini həll edən başlıca vasitədir!

Qeyd etmək lazımdır ki, peşəkar insanlar arasında dilin saflığına xələl gətirməyənlər də az deyil: Vaqif Yusifli, Rafiq Hüseynov, Qulu Məhərrəmli, İlham Rəhimli və bir çox başqa media, ədəbiyyat, incəsənət nümayəndələri... Öz milli mənsubiyyətinə məsuliyyətlə yanaşan insanların nitqi səlisdir, xoşdur və bu cür peşəkar insanlardan öyrənmək yalnız xeyir gətirə bilər.

Dilimiz zəngin və gözəldir. Dilimizdə artıq “vətəndaşlıq” qazanmış alınma sözlər də doğma səslənir – o sözlərin çoxunu islamla, ya da klassik ədəbiyyatımızla birlikdə qəbul etmişik. Ehtiyac varsa, dilimizdə qarşılığı yoxdursa, yeni texnologiya ilə bağlıdırsa, nə olar, yeni sözləri də qəbul edək. Amma artıq qəbul etdiklərimizdən imtina edərək insanları çaşdırmağa nə ehtiyac var?

Bu ilin əvvəlində Azadlıq radiosunun Oxu Zalında Aqşin Yeniseylə müsahibəni oxudum – “kullanmak” felini işlətdiyinə və yersiz iddiasına görə (“...mən Azərbaycan dilinin atasıyam. Bu dili həddən artıq yaxşı kullana bilirəm.”— Burada Aqşin bəyin özü özünü inkar edir: “Azərbaycan dilinin atası” “kullanmaz”!) oxucuların tənqidinə məruz qalmışdı. Bir tərəfdən, yaxşıdır, tələbkar oxucular var. Digər tərəfdən, nədənsə, nitqində Aqşindən daha çox türk sözü işlədənlərə irad bildirən yoxdur. Bəlkə də A.Yeniseyin iddialı fikir və danışıqları oxucunu qıcıqlandırır, amma onun savad və istedadını inkar etmək də olmaz. Nə isə, Aqşin bəyin iddiaları ilə işim yoxdur, amma çox şükür ki, “kullanmaq” sözü hələ lüğətimizə düşməyib... Gəlin, nə qədər ki, Azərbaycan dilinin lüğət tərkibinin yarısını “uduzmamışıq”, hamımız birlikdə dilimizin saflığı uğrunda mübarizə aparaq! Nə deyirsiniz, özümüzdən başlayaqmı?

OXŞAR XƏBƏRLƏR