‘Onda başa düşdüm ki, bakirəliyimi itirmişəm’ - HƏYAT HEKAYƏSİ

‘Onda başa düşdüm ki, bakirəliyimi itirmişəm’ -  HƏYAT HEKAYƏSİ
11:48 08.04.2013
23673

Son vaxtlar Facebook-da saxta profillərin sayı artdığından qərara aldım ki, profilimi dondurum. Doğrusu, yalnız bir aya yaxın bacardım bunu. Çünki bu sosial şəbəkə həyatımıza elə daxil olub ki, mobil nömrəsinə zəng çatmayan dostunu da burda tapa bilirsən. Amma burda tapdığın təkcə dostların olmur təbii ki. Bəzən də qəribə talelər, maraqlı insanlar çıxır qarşına. Mənim qəhrəmanım Nərmin (ad şərtidir-İ.V) kimi.

...Əvvəlcə bir neçə dəfə "salam” yazıram. Cavab vermir. Amma paylaşdığı statuslardan hiss olunur ki, kifayət qədər sözlü biridir, bəlkə də dərdini bölüşəcək birini axtarır. Bir problem var-belə məqamda qızlar sirlərini oğlanlarla bölüşmürlər. Daha bir dəfə cəhd edirəm, cavab verir.

Səmimi etiraf edim ki, yazdığım "salam”ların məqsədi heç də yüzdə yüz onun dərdini dinləmək deyil. Şəkillərinə baxıram. Kifayət qədər baxımlı, gözəgəlimli qızdır. Bir az da kompleksiz görünür geyimləri ilə.

Beləcə, 2-3 gün salamlaşırıq, ən yaxşı halda kef-əhval tuturuq. Amma yox, burda nəsə var, mütləq bilməliyəm. Tapdım... Ona ekstrasens olduğumu yazacam: "Mən ekstrasensəm. Bircə kəlmə deyəcəm və daha yazmayacam. Sənə pislik edən şəxs peşmandır, amma utanır”. Falçı fəndidir bu. Zatən bu dünyada hər kəsə pislik olunur və hər kəs də pislik edir. Amma falçılar bu sözü insanlara deyən kimi nədənsə hər kəs təəccüblənir.

Bu nədir, qardaşım? Bilsəm neçə gündür yazardım bu sözləri. Axı bizim millət uşaqdan-böyüyə fala, sirli qüvvələrə inanandır. Dərhal cavab verir:

"Doğrudan ekstrasenssiniz? Hardan bildiniz ki, mənə pislik ediblər?”

Beləcə, qəhrəmanım Nərminlə söhbətim başlayır. Yazışmalardan məlum olur ki, 18 yaşı var. Təxminən iki ildir 55 yaşlı bir ailə dostları ilə görüşür. Xeyli söz yazır, düşünürəm-bəlkə görüşə çağırım? Hardan bilirəm, bəlkə oğlandır, hansısa qızın profilini sındırıb qisas çıxır? Yaxşısı budur, görüşə çağırım, gəlməsə çox güman ki, dediyim kimidir. Yaxud da başqa bir "əmma” var ortada:

"Çox istərdim ki, görüşək ətraflı söhbət edək. Təbii ki, əgər istəyirsənsə”.

Razılaşır. Danışdığımız vaxtda metronun "Neftçilər” stansiyasının yaxınlığındakı kafelərin birində görüşürük. Şəkildəki qızdır. Hələ şəkildəkindən də gözəldir. Hiss olunur ki, nə vaxtsa sifətində məsumluq olub... Amma indi... Narahatdır. Qəfil sual verir:

-Səni o göndərib?

-Heç nə başa düşmürəm. Kim?

- O...

- O kimdir? Əgər hansısa şübhən varsa, sağollaşaq.

- Yaxşı, inandım. İçimdəkiləri kiminləsə paylaşmaq istəyirdim, alınmırdı. Amma hər şeyi sənə danışmaq istəyirəm. Çünki məni tanımırsan və sabah danışdıqlarıma görə səndən utanmayacam. Çünki bu, bizim ilk və son görüşümüzdür. Sadəcə hər şeyi danışıb rahatlaşmaq üçün görüşməyə razılıq verdim.

Beləcə qısa dialoqdan sonra Nərmin hər şeyi danışmağa razılıq verir. Deyir ki, hələ uşaq olarkən indi görüşüb ayrıldığı insan onlara gəlib gedirmiş. Əmisinin və atasının yaxın dostudur, anası həmin şəxsin xanımı ilə rəfiqədir:

"Çox imkanlı biridir. Cavanlıqda güləşçi olub, əmimlə bir yerdə məşq ediblər. Gözümü açandan bizə gəlib getdiyini görmüşəm. Uşaq vaxtı bizi də öz uşaqları ilə gəzməyə aparıb, oyuncaqlar alıb. Yəni bütün ailə məclislərimizdə bizimlə olub. Hazırda ali məktəbdə oxuyuram, həm də gimnastika ilə məşğulam. Üç aydır dərsdən sonra yaxınlıqdakı idman və əyləncə mərkəzində təlimatçı-məşqçi işləyirəm. Təxminən 2 il əvvəl o evimizə zəng vurdu, heç kim yox idi. Dedi ki, uşaqlarını gəzməyə aparır, gəlib məni də götürəcək. Bizə gəldi məni də götürdü. Dediyi kimi də oldu-getdik onun uşaqları ilə şəhəri gəzdik, əyləndik. Axşamüstü məni evə aparanda dedi ki, yolüstü bir yerə dəyməlidir. Maşında tək oturmayım deyə məndən onunla getməyimi istədi. Bir ev idi, qapısını açdı. Şübhələndim, amma heç cür ağlıma gətirmirdim ki, nəsə ola bilər. Çünki o mənim atamdan da böyükdür, əmimlə yaşıddır. İçəri girən kimi tez qapını bağladı və məni öpməyə başladı. Qışqırmaq istədim, ağzımı tutdu. Qucağına alıb yataq otağına aparanda hər şeyi başa düşdüm. Artıq özümdə deyildim, nə baş verdiyini bilmirdim. Ayılanda başa düşdüm ki, nəsə olub mənə, ağlayıram. Məndən sakitləşməyimi istədi və dedi ki, əgər bu haqda kiməsə nəsə desən, səni öldürəcəm. Çox imkanlı adamdır. Ona görə də qorxumdan heç kimə heç nə demədim. Bir həftə sonra mobil telefonuma zəng vurdu, yenə görüşdük. Gördüm ki, cibindən qoruyucu (prezervativ) çıxardı. Nə olduğunu soruşdum. Dedi ki, qoruyucudan istifadə edir ki, hamilə qalmayım. Onda başa düşdüm ki, ilk görüşümüzdə bakirəliyimi itirmişəm. Son bir aya qədər görüşürdük. Görüşdüyümüz vaxtlarda o bizə gələndə dəli kimi olurdum, utanırdım, qorxurdum. Elə bilirdim indi hamıya deyəcək hər şeyi. Başqa otağa keçib tir-tir əsirdim. Bir ay əvvəl zəng vurdum görüşmək istəmədiyimi dedim. Çünki hər dəfə o zəng edəndə dəli kimi olurdum. Bilirdim ki, yenə görüşmək istəyir.. Təsəvvür eləyirsən, mənim indi 18 yaşım var, onun 55?! Hirsləndi... Sonra özü zəng elədi ki, sən fahişəsən. Məni daha pis sözlərlə təhqir elədi. İndi görüşmürük, amma məni sevən bir oğlan var. Mən də onu sevirəm. Üzünə baxa bilmirəm onun. Heç kimə danışa bilmirəm, qorxuram ki, evdə məni öldürərlər”.

Hiss edirəm ki, danışa-danışa titrəyir, rəngi avazıyır. Amma hələ də jurnalist olduğumu deməmişəm ona. Artıq eşitdiklərim kifayətdir. Nə deyirsə eşitmirəm elə bil. Bunu yazmaq istədiyimi ona demək üçün vasitə axtarıram.

- Olar sən bir sirr açım?

- Bəs deyirdin o göndərməyib səni?

- Dinlə, başqa söz deyəcəm. Olar ki, mən bu danışdıqlarını yazım?

Duruxur və mənə masanın qarşı tərəfindən mənə tərəf əyilərək: "sən jurnalistsən?" - deyə soruşur. "Hə" -deyirəm. Sonra da xahiş edirəm ki, yazmağıma icazə versin. Bir şərtlə razılaşır.

- Axırda yazarsan ki, qızlar ataları və qardaşlarından başqa heç bir kişiyə inanmasınlar. Yaxşı?

- Yaxşı...

İntiqam Valehoğlu (bakuinfo.az)

OXŞAR XƏBƏRLƏR