Zərdüşt Əlizadə: “ABŞ-ın Suriyaya qarşı hərbi hücumları maksimum bir ay çəkə bilər”
“Bəşər Əsədin seçimi yoxdur. O, dünyanın harasına qaçsa da, ölümdən xilas ola bilməyəcək. Onu çox dəhşətli bir sonluq gözləyir. Güman ki, Əsəd Qəddafinin taleyini yaşayacaq”. Bu sözləri politoloq Zərdüşt Əlizadə söyləyib.
Onun sözlərinə görə, ABŞ-ın Suriyaya qarşı hərbi hücumları maksimum bir ay çəkə bilər: “ABŞ kəşfiyyatı Suriyada oturub. Bəşər Əsədin bütün resursları, obyektləri haqqında təfsilatı ilə məlumata malikdir. Onların Bəşər Əsədi hakimiyyətdən devirməsi elə də uzun çəkməyəcək. Bu maksimum bir ay vaxt ala bilər. Hətta bunun bir neçə gün ərzində yekunlaşacağını da proqnozlaşdırmaq olar. İraq, Əfqanıstan və Pakistandan sonra daha bir islam ölkəsi Amerikanın nəzarətinə keçəcək. O ki qaldı Bəşər Əsədin Amerika və qərbi hədələməsinə, heç bir halda geri çəkilməyəcəyini söyləməsinə, o, eynilə Qəddafinin yolunu gedir. Bilir ki, heç yerə qaça bilməz. Rusiyaya qaçsa, Moskva onu təhvil verəcək, İrana qaçsa, İran da təhvil verəcək. Yəni, dünyanın istənilən məkanı onun üçün ölüm kabusudur. Çıxış yolu olmadığına görə, Suriyada ölməyi üstün tutur. Suriyadan sonra isə növbə İran və hətta Türkiyəyə çata bilər. Çünki qərb böyük islam dövlətlərində öz “oyuncaq hakimiyyəti”ni qurmaq istəyir və buna nail olmaq üçün hər şeyə əl atacaq”.