Orqan transplantasiyası – artıq öz funksiyalarını yerinə yetirə bilməyən bədən üzvünün cərrahi üsulla çıxarılması və onun yerinə və ya bədənin başqa bir hissəsinə digər insandan (donordan) götürülmüş orqanın köçürülməsidir.
Böyrək, qaraciyər, mədəaltı vəzi, ürək, ağciyərlər, gözün buynuz qişası və nazik bağırsaq daha çox köçürülən orqanlardır.Bu gün orqan transplantasiyası inkişaf etmiş ölkələrdə tibbi xidmətin ayrılmaz bir atributuna çevrilib. Amma inkişaf etməkdə olan ölkələrdə orqan transplantasiyası həmişə problemli olmasını xüsusi vurğulamaq istəyirəm.Orqan transplantasiyasının təşkilinin mürəkkəbliyi, bahalı olması və mütəxəssis hazırlığı kimi məsələlər onu az inkişaf etmiş ölkələrdə qeyri-məqbul və hətta arzuolunmaz edir.Ona görə arzuolunmazdır ki, bir qrup varlı insan üçün belə bahalı və sistem yanaşması tələb edən müalicə üsulunun tətbiqi ciddi problemlər yaradır. Bu isə öz növbəsində müasir tibbi standartlardan uzaq, hətta cinayət tərkibli özfəaliyyətə çevrilir.Orqan transplantasiyası bir sistemdir və onun təşkilində ardıcıllıq, fasiləsizlik, şəffaflıq və cəmiyyətin dəstəyi bu sistemin əsas atributlarıdır. Orqan transplantasiyası elə də qədim müalicə üsulu deyil. İlk uğurlu böyrək 1954-cü, qaraciyər və ürək isə 1967-ci ildə köçürülüb. Bu qısa müddət ərzində orqan transplantasiyasını sistemli qurmağı bacaran millətlər az deyil. Qərbi Avropa ölkələri, ABŞ, Yaponiya, Çin bu günə ən uğurlu hesab edilə biləcək orqan transplantasiyası sistemini qurub.Azərbaycanda iqtisadi inkişaf, insanların maddi imkanlarının artması orqan transplantasiyasına marağı artırır. Orqan transplantasiyası ilə bağlı Qərb ölkələrində mövcud olan təcrübəni öyrənib onun qurulmasına bu prizmadan yanaşmaq lazımdır.Yuxarıda vurğuladığım kimi, orqan transplantasiyası bunu bacaran həkimlərin olması və bütün müalicə xərcini ödəyə biləcək müəyyən insanların olması ilə qurulacaq bir sistem deyil. Belə xəstələr gedib yaxın xaricdə də müalicə ala bilərlər. Əgər orqan transplantasiyası bir ölkədə qurulursa onun əsas şərti bu sistemin bütün xalqa xidmət etməsi olmalıdır. Əks halda, orqanların alınıb-satılması, köçürülmüş orqanın uyuşmazlığı, müxtəlif ağırlaşmalar üzündən xəstələrin itirilməsi kimi problemlər qaçılmazdır.Aşağıda Almaniyanın Mainz Universitet Klinikasının Orqan Köçürülməsi Bölməsində Prof. Ottonun rəhbərliyi altında inkişaf etməkdə olan hər hansı bir ölkədə uğurlu orqan transplantasiyası sisteminin əsas elementləri (indikatorları) tərəfimizdən təsnif edilib. Bu elementlər bir-birindən asılıdır və biri digərini tamamlayır. Bu iş tezliklə ətraflı xarici jurnallarda çap ediləcək olsa da onun əsas tezislərini çatdırmaq istərdim.Orqan transplantasiyası, beyin ölümü haqqında qanun və orqan donorluğuİlk əsas şərt, orqan transplantasiyası və beyin ölümü qanunu və orqan donorluğunun təşkildir. Almaniyada belə bir qanun 20 il müzakirədən sonra yalnız 1997-ci ildə qəbul edilib. Azərbaycanda isə “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun tətbiq edilməsi barədə qanun bundan üç il sonra, yəni 2000-ci ildə Prezident tərəfindən imzalanıb.Təbii qanun yalnız çərçivələri müəyyən edir, amma onun icrası peşəkarlar tərəfindən həyata keçirilməlidir. Bunun üçün gərəkli təlimatlar olmalıdır. Gərəkli olarsa orqan transplantasiyası haqqında Dövlət Proqramı hazırlanmalıdır.Təəssüf ki, ölkəmizdə orqan transplantasiyasını həyata keçirə biləcək peşəkarların olmasına baxmayaraq orqan transplantasiyası və donorluğuna konseptual yanaşma yoxdur. Nümunə üçün deyim ki, Qazaxıstanda belə bir proqram bu il qəbul olunub və onun reallaşmasına dövlət büdcəsindən 1 milyard təngə maliyyə ayrılıb. Bu proqram çərçivəsində Qazaxıstan əhalisinin 40%-i özünü donor kimi qeydiyyatdan keçirib.Əgər ölkəmizdə orqan donorluğu əsaslı şəkildə təşkil edilməsə və bütün insanlar üçün nəzərdə tutulmasa transplantasiya ölkəmizdə problemli bir sahə olaraq qalacaq. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun 9 maddəsində ölkəmizdə kimin donor ola biləcəyi çox aydın təsvir edilib.Bu qanun hətta bir çox Avropa ölkələrindən də (məsələn, Almaniya) daha liberal qayda qoyur (İspaniya nümunəsinə uyğun). Bu maddəyə görə beyin ölümü təsdiq edilmiş hər bir xəstə sağlığında donorluqdan imtina etməyibsə potensial donordur.Əgər beyin ölümü təsdiq edilmiş bir xəstənin yaxınları imtina etməzsə onun orqanları transplantasiya üçün istifadə edilə bilər. Bu qanunun ikinci üstünlüyü “beyin ölümü” prinsipinin qəbul edilməsidir, yəni beyni fəaliyyət göstərməyən, amma ürəyi çalışan xəstələrdən orqanların götürülməsini mümkün edir. Bu isə orqanların daha canlı qalmasına və transplantasiyanın nəticələrinə müsbət təsir göstərir. Məsələn, Amerikada “ürək dayanması” prinsipi əsas götürülür. Bu isə bəzən qanla təchizatın dayanması üzündən orqanların zədələnməsinə gətirib çıxarır. Odur ki, bizdə belə liberal bir qanun varsa, indi edəcəyimiz əsas iş onun işləmə mexanizminin yaradılmasıdır. Orqan donorluğu, paylanması və transplantasiyasını əlaqələndirən vahid Milli Transplantasiya TəşkilatıOrqan transplantasiyası haqqında qanunun həyata keçirilməsi üçün qərb dövlətləri Milli Orqan Transplantasiya Fondunu yaradıblar. Bu qanunla təsdiq edilmiş müstəqil bir təşkilat olmalı və transplantasiya ilə bağlı olan bütün tərəfləri təmsil etməlidir. Almaniyada bu funksiyanı DSO – Alman Orqan Transplantasiyası Fondu həyata keçirir. DSO xəstələrin gözləmə siyahısının hazırlanması, orqanların götürülməsi, saxlanması, daşınması, köçürülməsi kimi bütün məsələləri koordinasiya edir. Bu təşkilatın fəaliyyəti şəffafdır, həm hökumət, həm də ictimai təşkilatlar onun fəaliyyətinə nəzarət edir. Vahid mərkəzdən idarə edilməyən orqan transplantasiyası ədalətsizliyə, gizliliyə, cinayətə yol açan bir faktordur. Aydın, şəffaf və fasiləsiz fəaliyyət göstərən orqan donorluğu məhz orqan transplantasiyasının əsasıdır.Orqan Donorluğunun mənəvi və əxlaqi aspektləriOrqan transplantasiyası sahəsində digər ölkələrdə milli səviyyədə ən çox müzakirə edilən bir aspektdir və bu sahədə milli konsensus uğurlu transplantasiya sistemin əsas elementlərindən biridir. Mənəvi dəyərlərə əsaslanan və əxlaqlı orqan transplantasiyası insanlarda bu sistemə inam formalaşdırır və onların donorluğa razılıq verməsinə təkan verir.Əsas əxlaqi məsələlərdən biri orqanların satılıb-satılmaması məsələsidir. Məsələn, İranda orqanı satmağa rəsmən icazə verilir. Bu qəbuledilməz bir haldır və bütün insanlıq dəyərlərini ayaq altına atan bir yanaşmadır. Qərb ölkələrinin heç birində verilən orqan üçün insana pul ödənmir və bu sistemi güclü edən bir faktor kimi qəbul edilir.Burada qeyd olunmalı məsələlərdən biri də orqan transplantasiyası üçün gözləmə siyahısının hazırlanmasıdır. Bu siyahı ədalətli və şəffaf olmalıdır. Pulu olan, cəmiyyətdə mövqeyi olan insanın önə keçməsi qəbuledilməzdir. İnkişaf etmiş ölkələrdə tibbi nöqteyi-nəzərindən orqana ən çox ehtiyacı olan xəstəni müəyyən edəcək bir alqoritm mövcuddur. Biz də ondan istifadə etməliyik.Orqan alverinə və transplantasiyada korrupsiyaya qarşı cəmiyyətin mübarizəsiAvropa ölkələrində orqan donorluğunun inkişaf etməsinin əsas səbəblərindən birinin orqan alverinin və korrupsiyanın olmamasına inamdır. Keçən ilin Avqustunda Almaniyanın Göttingen şəhərində bir cərrah öz xəstəsinin laboratoriya analizini saxtalaşdırıb onu gözləmə siyahısında önə çıxarmışdı. Bu hal açıldıqdan sonra orqan donorluğuna razılıq verənlərin sayı ölkənin ayrı-ayrı regionlarında 20-40% arasında azalıb. Bu fakt bir daha göstərir ki, insanların transplantasiya sisteminə inamı onun inkişafı üçün əsas faktorlardan biridir.Təəssüf ki, mətbuatdan məlum olur ki, ölkəmizdə orqan alqı-satqısı var. Amma bu məsələ də “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun 17-ci maddəsində aydın əks edilib və bu maddə ilə orqanın alqı-satqısı qadağan edilir. Ölkəmizdə orqan transplantasiyası o zaman uğurlu ola biləcək ki, insan orqanın alınıb-satılmamasına heç bir insanın şübhəsi qalmayacaq.Vətəndaş cəmiyyətinin orqan transplantasiyasına dəstəyiBu da vacib şərtlərdən biridir. Həm ictimai təşkilatlar, həm də KİV-lər orqan transplantasiyası ilə bağlı məsələləri diqqət mərzində saxlamalıdır. Bu sahədə olan uğurlar, eləcə də problemlər daima cəmiyyətin diqqət mərkəzində saxlanmalıdır.Burada əsas məqsəd insanların sistemə inamını artırmaq və onların bu inamını azalda biləcək hər bir hala qarşı mübarizə aparmaq olmalıdır. Almaniyada orqan donorluğunun artmasında ictimai təşkilatların və KİV-lərin böyük payı var.İqtisadi potensial və uyğun səhiyyə sistemiOrqan köçürülməsi bahalı bir müalicədir. Yalnız milli gəliri yüksək olan ölkələr öz vətəndaşlarını belə bahalı müalicə ilə təmin edirlər. Xəstə transplantasiya ilə bağlı hər hansı xərci ödəmə məcburiyyətində qaldığı halda transplantasiya sisteminin uğuruna ümid bəsləmək sadəlövhlükdür.Təəssüf ki, keçmiş SSSR ölkələrinin əksəriyyətində mövcud olan və köhnəlmiş Semaşko Səhiyyə Sistemi bu tələblərə cavab vermir. Odur ki, uzun müddətdir müzakirə edilən sosial sığortanın tətbiqi orqan transplantasiyasının inkişafına təkan verəcək.Bununla, həm də səhiyyədə olan mərkəzləşmiş idarəetmə liberallaşacaq və qarşılıqlı tələbkarlıq artacaq. Xüsusilə də sığorta şirkətinin (şirkətlərinin) orqan transplantasiyası prosesində maraqlı tərəf olunması orqan transplantasiyasında korrupsiyanın ehtimalını azaldacaq.Artıq Azərbaycanda özəl sığorta şirkətləri hətta adi bir biokimyəvi analizin belə xəstəyə təyin olunmasının əsaslandırmağı tələb edirsə sığorta sisteminin səhiyyə üçün ayrılan dövlət vəsaitinin də qənaətli və əsaslı işlənməsinə verəcəyi töhfə göz qarşısındadır. Bu isə imkan verəcək ki, transplantasiya kimi bahalı müalicə üsulu daha çox vətəndaşımıza təklif olunsun.Motivasiyalı və iddialı peşəkarlar və təhsilBu nöqteyi-nəzərdən ölkəmizdə problem yoxdur. Orqan transplantasiyasını bacaran peşəkarlar artıq ölkəmizdə mövcuddur. Mərkəzi Neftçilər Klinikasında Dr. Kazimi və həmkarları artıq bu sahədə olan tabunu aradan qaldırıblar. Onlar Türkiyə və Yaponiyada bu sənətə yiyələniblər. Mən Almaniyada, Dr. Rauf Şahbazov Amerikada yaşasaq da, bizdə dövlət proqramı qəbul ediləcəyi halda onun reallaşması üçün canı-dildən qoşulmağa hazırıq.Əgər orqan donorluğu haqqında dövlət proqramı olacaqsa görüləcək işlərdən biri də ölkədə olan klinikalarda “beyin ölümü” haqqında qərarı verəcək komissiyaların yaradılması və onların təlimatlandırılmasıdır. Bu elə də çətin iş deyil. Reamitoloqlarımız beyin “beyin ölümü” hallarını gündəlik fəaliyyətlərində tez-tez rastlaşırlar.Regional əməkdaşlıqRegional əməkdaşlıq orqan transplantasiyasının yaranma prosesinin daha sonrakı mərhələsində baxılmalı məsələdir. Bunun əhəmiyyəti nədir? Eurotransplant 7 Avropa ölkəsini özündə birləşdirir və bir-birinə təcili situasiyalarda kömək edirlər. Məsələn, xəstədə kəskin qaraciyər çatışmazlığı varsa ona təcili orqan köçürülməsə bu xəstə itirilə bilər. Belə halda istənilən üzv ölkədə meydana çıxan ilk donor orqanı həmin bu xəstəyə verilir.Mən burada gündəlik fəaliyyətimizdə bunun nə dərəcədə əhəmiyyətli olduğunu görürəm. Sizə bir nümunə gətirim, 21 yaşlı xəstəyə anasının verdiyi orqan iki gündən sonra uyuşmadı və uyuşmayan qaraciyər bədəni daha da zəhərlədiyi üçün orqan çıxarıldı və 9 saat qaraciyərsiz qalan bu gəncin həyatını Belçikadan gələn qaraciyər xilas etdi. Nə bu müddət ərzində, nə də 24 saat sonra Almaniya kimi böyük dövlətdə uyğun qaraciyər yox idi. Odur ki, gələcəkdə qonşu ölkələrlə bu istiqamətdə əməkdaşlığı inkişaf etdirmək lazımdır. İdealistik səslənsə də mən bunun olmasını mümkün hesab edirəm. Məsələn Gürcüstanla belə bir əməkdaşlıq gələcəkdə mümkün ola bilər.Vüqar YaqubluTibb üzrə fəlsəfə doktoru,Mainz Universitet Klinikasının Orqan Transplantasiyası Bölməsinin əməkdaşı