Tərəkəmə-daimi yaşayış məskəni olmayan, yayda-yaylağa, qışda isə qışlağa köç edən heyvandarlıqla məşğul olan insanlardır. Onlar adətən köçəri həyat tərzi sürürlər. Köçəri dedikdə - oturaq həyat keçirməyən, ev-eşiyi ilə daimi bir yerdən başqa bir yerə köç edən insanlar nəzərdə tutulur. Azərbaycan dilinin izahlı lüğətində köçəri məfhumu tayfalar, tərəkəmələr alnamını ifadə edir.
Tərəkəmələrin arandan-yaylağa, yaylağdan-arana köç etməsi adəti haqqında həyatı boyu çobanlıq edən tərəkəmələrin fikirlərinə və dediklərinə əsaslanaraq söz açmaq daha uyğundur. Müsahibim ağlı söz kəsəndən, ayağı yer, əli ağac tutandan tərəkəmə həyatı yaşayan İmişli rayon Qulubəyli kənd sakini Ataş kişidir. Müsahibim tərəkəmələrin (köçəri tayfaların) həyat tərzini, adət-ənənələrini öz təcrübəsindən yola çıxaraq belə söyləyir:
- Mən dünyaya göz açanda ilk gördüklərimdən biri qoyun-quzu, eşitdiyim ilk səslərdən biri isə onların mələşməsi olub. Buna görə də bizim (tərəkəmələr) yaşayışımız başqalarından həmişə fərqli olub. Camaatın uşağı məktəbə gedəndə biz əldə comaq mal-qara otarmağa gedərdik. Belə də olmalıydı. Çünkü bu adət-ənənə bizdə dədə-babadan belə olub və hər bir tərəkəmə uşağı bu yolu (adət-ənənəni) keçərək böyüyür.
- Ataş dayı. Tərəkəmələrin məşhur köçü haqda nə deyə bilərsininiz?
- Köç elədə asan olmur. El arandan yaylağa köçməyə xüsusi hazırlaşır. İlk olaraq köçə-köçdən əvvəl qoyun-quzunun yunu qırxılır. Bu qırxım iməclikdə həyata keçirilir. Bütün çobanlar bir-birilərinə kömək edirlər. Sonra isə yol üçün hazırlıqlar görülür. Bu hazırlıqlar çobanlara yaylaqda lazım olan bütün malların alınmasıdır. Bunların hamısı hazır olduqdan sonra köç başlayır. Yaylağa 15-20 günə gedib çatırıq. Köçümüzün müddəti havadan çox aslıdır. Bu köç 3 ayda ola bilər, ondan çox da.
- Bu həmişə belə olub?
- Müharibədən qabaq (Böyük Vətən Müharibəsini deyirəm) ev-eşik avadanlıqlarını atla, eşşəklə, dəvə ilə aparardıq. Beləki, may ayında mütləq yaylağa düşməliydik. Obaşdan, alaqaranlıq, gün yerindən çıxmamış tərəkəmə camaatı yuxudan durur, atları yəhərləyir, uzunqulaqları çullayır (palanlayır), dəvələri cahazlayır. Yorğan-döşəkləri, pal-paltarları hazırlanmış heyvanların belinə yığırıq və örkənlə, çatı ilə sarıyırıq. Yaylaqda alaçıq, koma tikmək üçün yığılan çubuqlar, çadırlar və keçələr də heyvanların belinə sarılır. Köç yola düşür. Gün qızana qədər qoyun-quzunu haylayıb aparırıq. Yükü aparanlar çobanlardan qabaq lazımi yerə qedib alaçıq qururlar, yemək hazırlayırlar. Çobanlar dincəldikdən sonra isə axşamüstü yenidən yola çıxırlar və gün batanda köç düşür. Bu köç 15-20 gün gedir.
- Bəs köç vaxtı heyvanları necə yemləyirsiniz? Axı yolunuz elə də az olmur.
- Heyvanları yol boyunca olan sahələrdə otarırıq. Yolun üstündəki torpaqlarının yiyələri ilə Baş çobanlar əvvəlcədən razılaşırlar və heyvanları oralarda otarırıq. Otlaqın sahibinə isə ya pul, ya da qoyun-quzu verilir. Bu razılaşmadan aslı olur. Onu da deyim ki otlaq sahələri saat hesabı alınır. Belə-belə gedib mənzil başına çatırıq.
- Yol boyu hansı çətinliklərlə üzləşirsiniz?
- Çətinliklərimiz çox olur. Məsələn canavarlar. Birdə görürsən gecə vaxtı sürüyə canavarlaq cumdu. Çölün ortasında adam bilmir neynəsin. Bunda isə bizə əsas çoban itləri kömək edirlər. Başqa bir çətinlik isə oğrulardır. Oğrularda qruplara bölünürlər: at oğrusu, qoyun-quzu oğrusu və başqaları. Ama onlarından öhdəsindən bir təhər gəlirik.
- Sonuncu sualım belə olacaq. Bu qədər yol gedirsiniz, çətinliklərlə üzləşirsiniz. Sizcə buna dəyərmi?
- Əlbətdəki dəyər. Eləki yaylağa çatdın bütün əzab-əziyyət yaddan çıxır, arxada qalır. Gözəl yerlərdə yaylaq həyatı başlayır. Bizim yaylaqlar Laçın, Kəlbəcər dağları idi. Çox təəsüflər olsun ki, allı-güllü Bazar çayı, Murad təpəsi, Kəkilli qaya, Qara qaya, Çalbayır, Xanlar taxtası, Ala göllər, Bazar düzü, Beş bulaq, Eşşək meydanı, Pəri cınqılı, Qaranlıq dərə, Abbas dağı, İşıqlı dağ və nə qədər cənnət yaylağlarımız erməni tapdaqı altında qaldı. Ama ümüd edirik ki, bu yaylaqlarımız qayıdacaq və bizim oğullarımız, nəvələrimiz bu yerləyə köç edəcəklər.
Ataş dayının dediklərindən aydın oldu ki, tərəkəmələrin köç həyatı olduqca çətin bir o qədər də maraqlı olur. Və bu da onu göstərir ki tərəkəmə tayfaları çətinliklərdən qorxmayan, olduqca zəhmətkeş və cömərd insanlardırlaq.
Nizam Həmidov
Bakı Dövlət Univürsitetinin
Jurnalistika fakültəsinin 4 kurs tələbəsi
(Diplom işi)