Orxan Muxtarlı "Sənsizəm" dedi

KÖŞƏ
13:03 25.02.2011
2276

Hey çalışıram, tədbir keçirdirəm, səni anıram, hər yerdə sənin haqqında söz açıram.  Amma bu heç də mənə kömək etmir. Bilirəm ki, bunlar səninlə qovuşmağım üçün kifayət deyil. Bilirsən, rəhmətlik nənəmdən, atamdan,qohumlardan sənin barəndə çox eşitmişəm, ancaq həmişə səni hər biri fərqli cür təsvir edib. Kimsə uşaqlığının ən xoş anlarının məkanı kimi, kimisi dərdlərinin səbəbkarı kimi, kimisi də səni öz parçası kimi xatırlayır. İnanırsan, sənin qoynunda böyüməsəm də özümü sənin bir hissən kimi hiss edirəm. Qarabağ şikəstəsində sənin səsini duyuram, Qarabağ xalçasında sənin simanı görürəm.  Axı sən Azərbaycanın ürəyi idin. Necə deyərlər, Qarabağın döyünən ürəyi Şuşa. Bilirsən, sənsizliyim çoxdandır, həm də lap çoxdan. Hələ mən o vaxt uşaq idim. Ağlım kəsmirdi ki, səni itirməkdəyəm. Bilirdim ki, nə isə pis hadisələr cərəyan edir. Qonşumuzun evində cavan oğlanın şəhid olması, qohumlarımın səndən qaçqın düşmələri, amma işin ciddiliyini anlaya bilmirdim. Lakin indi anlamaqdayam və nə qədər ki, sənin sənsizliyini dərk edirəm yaşamaq o qədər də çətin olur. Amma ətrafıma baxanda görürəm ki, gənclər səni unutmaqdadır. Səni heç xatırlamırlar da, amma mən səni xatırlayıram. O gün facebook - da bir erməni dığası ilə sənin haqqında danışırdım. Bilirəm, bunu etdiyim üçün mənə hirslisən. Kişi öz qeyrətini düşmənlə müzakirə etməz. Amma nə edim ki, mənim qeyrətim onların əlindədir və mən bununla barışa bilməsəm də heç nəyi dəyişə bilmirəm. Bilirsən, o mənə nə dedi? Dedi ki, istəyirsən səni Şuşada qonaq edim. Bilsən bunu eşidəndə necə pis oldum. Nə edim ki, sən onların əsirisən və mən səni görə bilmirəm. Onun təklifinin nə qədər murdar olduğunu bilirsən? Daha sonra əlavə etdi ki, istəyirsən Şuşadakı ailə qəbiristanlığınızdan  qəbirlərinizin şəklini çəkib sənə göndərim. Həyatın haqsızlığına bir bax, düşmən mənim babalarımın qəbrinin şəklini çəkərək mənə göndərmək istəyir. Mən əlbəttə ki, razılaşmadım. Dedim ki, vaxt gələcək, Azərbaycan ordusu ilə ora baş çəkəcəyəm. Ancaq  bilirəm ki, bu hələ istəkdir, həyata keçirmək istədiyim istək.... İndi bilirsən hansı günü gözləyirəm?!

Səni geri aldığımız günü. Gəlib qoşa qala divarının önündə diz çökərək sənin ətəklərindən öpəcək və sənin torpağını qoxlayacağam. Qoxlayacağam ki, bu 21 ildə səni xatırlasam da səni duya bilməmişəm. Bilirəm ki , bu gecə vaxtı kağız qələm qarşımda bu cümlələri yazmaqla səni duya bilməyəcəyəm, lakin dözə bilmədim, kiməsə öz ürəyimi açmalıydım. Axır ki, mənim dostum olan kağıza ürəyimi açdım və əllərim bu ağlamanı və şiddətli izdirabı, qələmə toxunaraq yazıya çevirdi. Başa düşürəm ki, kişi ağlamağını heç kimə göstərməməlidir, amma mən artıq bacarmıram. Mən sənsiz artıq dözə bilmirəm. Bilirsən niyə? Çünki sənə platonik olaraq vurulmuşam, həm də sənsiz olmaq mənim qeyrətimə bir ləkədir ki, mən bu ləkəni artıq daşımaq istəmirəm. Torpaq və qan ləkəsini qanla yumaq olur və mən də o günü gözləyirəm ki, bu ləkəni öz qanımla deyil, səni məndən alanların qanı ilə yuyum. İndi isə sənə hələlik deyirəm. Sən mənim göz yaşlarımı görməsən də inanıram ki, mən sənin gülən üzünü görəcəyəm.

Özünə yaxşı bax. Sənin oğlun Orxan!

ORXAN MUXTARLI

OXŞAR XƏBƏRLƏR