Orxan Pamukun qonşusu...

Orxan Pamukun qonşusu...
KÖŞƏ
02:42 17.11.2014
2095

Nigar İsmayılqızı

Məni həmişə nəsə cəlb etməlidir, yoxsa dözə bilmirəm! 

Bu yay səfəri məni özünə çəkirdi! Ağ, böyük, hərəkətli gəmi göy dənizdə cəlbedici görsənən kimi!

Qərar verməyə başladıq: səfərə çıxmalıyıq, bütün itirilənlərə rəğmən, biz səfər etməliyik. Beləcə... yaralarımıza dərman tozu səpib, bir balaca qurumasını gözləyəcəyik. Özümüz öz yaralarımızın cəfasını çəkməliyik. Buna görə də nəsə etməli idik. Əslində, bu, bizim çoxdankı arzumuz idi. Uzun illərdən sonra birlikdə ilk dəfə səfərə hazırlaşdıq.

Səfərə çıxmağımız bizi sevindirirdi. Qəfil verilən qərar, Teomanın sözləri olmasın, bizi param-parça etdi:

Babamın öldüyü yaşdayım.

Kəlimlər böyüyür ağzımda. 

Bildiyim bütün həyatlar...

Bəzən sağ qolumda, bəzən isə sol qolumda gəzdirdiyim qol saatım sədaqətli sirdaşım idi və belə daha çox azad idim. O illərdə özümə qapanıb, şəxsi adamdan hər şeyi görmək istəyirdim. Uşaqlıqdan baxmağa həvəsim yox idi. Elə bilirəm, baş verən hadisələrin içindən sürətli bir qatarla keçmək daha zövqlüdür!

... Həmin yay arzulanmayan çox şey baş verdi. Bizdən xəbərsiz ruhumuzu eroziyaya uğradırdılar. Ardıcıl baş verən hadisələrin burulğanında hər an batmaq təhlükəsindəydik. O qədər Bakının küçələrində dəli kimi gəzmişik. Nə qədər dəli kimi gəzsək də, həyatı sevmək üçün daim mübarizə aparmışıq.

Dəli kimi tanınan ağıldan xoşbəxtlər bizdən daha rahat idilər. Bir axşam ağrılardan sonra gülməyin nə olduğunu hiss etmişdim. Əməliyyatdan çıxan insanın ilk südü içməsi kimi qiymətliydi o axşam... “Nizami” metrosundan düşəndə yolun sağ tərəfində məşhur bir kafe var idi. Kafenin adı kimi, həyatımızı həftəbecər qazanına çevirmişdilər. Aramsız zənglər, illərdi öz məişət həyatına aydınlıq gətirə bilməyənlər məsləhətlər verirdi. Əslində, özünə məsləhət verən lazım idi, psixoloji təzyiqlər bizə istədiyimiz qərarı verməyə imkan vermirdi. Qırmızı çantalı qızla kafeyə girib, pəncərənin yaxınlığında oturub söhbətləşirdik. İkimizin də it kimi ulamağı gəlirdi. 

Bəzən həyat insanı canavar kimi ulatdırıb, hərəkətli dələ kimi yumşaq, rəngarəng, mənalı, rahat həyat vəd edir. Guya şəhərin mərkəzi kafelərində birində ulamaq asan idi. Sözün düzü, yeni tamaşanın premyerasını keçirməyə nə həvəsimiz, nə də vaxtımız vardı. Elə bil ətrafın qınağı deyil bizi ulamağa məcbur edən! O illərdə həmin kafedə yumşaq, cemli, qozlu “kurasan”lar satılırdı. İki fincan çay, bir də “kurasan” bizə yoldaşlıq edirdi. Soyuq barmaqlar isti fincanlarla qızdırılırdı, araya sükut çökürdü: susurduq, pəncərədən sürətlə gələn böyük, kiçik, rəngli maşınları seyr edirdik. Onu bilmirəm, amma mən maşınların boz diskləri ilə rahatlıq tapırdım. Bir anlıq da olsa, hər şeyi unuda bilirdim, boz disklərə tel kimi ilişib qalmaq mənə qaytarılması əsla mümkün olmayan ötən illəri xatırladırdı. 

On səkkiz yaşım vardı, həyatımda hər şey öz axarı ilə davam edirdi. Pəncərəsindən baxdığım kafe ilə üzbəüz beşmərtəbəli həyətdə yaşayan bir müəllimin yanına hazırlığa gəlirdim. O illərdən bu illərə nə savaşlar, nə barışlar oldu! Bir sözlə, xoşbəxtlik təyyarəsini səhər saatlarında terroristlər bir adaya qaçırmışdılar. Kralların sürgün olduğu adaya...

- Gəl, biz də bir təyyərə ilə səfərə çıxaq, gedək Böyük Adaları, Qız Qülləsini, Ayasofiyanı, Yerebatan Sarnıcı, Dolmabahçe sarayını görək!

Elə bu zaman maşınlara gözətçilik edən balaca boy, kök, ağlı-qaralı saçı, böyük, yumru burnu, sağ əlində qırmızı dəyənəyi olan, soyuqdan burnu yaxşıca qızaran yaşlı bir kişi əsəbləşdi. Səsləndi: “gəl, maşını götür! Səninləyəm, “dördyüz qırx dörd” gəl, maşını çək buradan!”

Biz diqqətlə kişiyə baxırdıq. Əlində dəyənək girdi ikimərtəbəli kafenin içinə, yenə bərkdən səsləndi: “bilirəm burdasan, “dördyüz qırx dörd” çıx bayıra, sən mənə lazımsan”.

Biz Adalara gedib gələnə qədər yekə burun kişi gülər üzu ilə kafeni qarış-qarış gəzdi. Dəli olmasa da, dəli kimi görünən mənzərə biz dəlisovlara yaxşı təsir elədi. Baxdım, gördüm, uzun, yumşaq saçlı qız da mənim kimi gülümsəyir. 

Soyuqdan burnu qızaran kişinin səsi isə hələ də qulaqlarımdadı!

Görəsən, hansısa bir ölkədə bu ağrıya yox, sadəcə, sızıltıya dərman tapa biləcəyik?! Bunları ağlımdan keçirə-keçirə kafedən çıxdıq. Ağrıya nə var ki, onu dərmanla kəsmək olur! Nəsə etməliydik, başqa çıxış yolu yox idi! Bu yazını yazanda belə, o illər səssiz bir film kimi gözlərimin önündən keçir. Deyəsən, həmişə o illər gözlərimin önündən keçəcək. Yoox, az da olsa, o kadrlar öz sehrini itirib. 

Qəribə dünyada, qərib bir qonaq kimi, rejissoru bəlli olmayan qəribə bir tamaşaya dili lal olmuş, amma gözləri görən qəribə bir tamaşaçı kimi baxırdıq!

Baxacam!

Balaca cırtdan məni qayalara çırpdıqca baxacam!

... O yay qəribə yay idi - səfərimiz kimi!

Hər şey birdən alındı: bilet almağımız, otel tapmağımız, çamadanları yığmağımız. Elə bil, Tanrı hər şeyi öncədən planlamışdı. Sanki kənardan kimsə bizə göstəriş verirdi! Həmişəki kimi, göstəriş verən qüvvə bəli deyildi! 

Qaranlıqdan bir işıq gəlirdi və deyirdi… “arxamca gəlin! Qaranlıq meşədə balaca cırtdan sizi işıqlı yola aparacaq, doğru yolu göstərəcək. Yetər ki, qəlbinizdən inam və sevgi əskik olmasın!”

Xatirələr şəhəri” üçün planlar qurub, yola çıxdıq. İstanbulda yaşayan dostlarımız da hər gün yazırdılar: “mütləq gəlin, burada birlikdə gəzəcəyik, günlərimiz maraqlı keçəcək”.

Şabalıdı rəngli, uzun saçlı, qırmızı rəngli çamadanını təzə alan, mərci şorbasını, pendirli su böyrəyini, rahat geyinməyi, körpələrlə dil tapmağı bacaran, mənə bir görüşdə yasəmən gülü alan, ətirli çaylar içən, qırmızı, dördkünc, klassik çantaları xoşlayan, yumru şüşəli eynək taxan, tez-tez hərəkət edən rəssam dostumla yaxşıca dil tapan rəfiqəm elə hey fikirləşirdi. 

Dedim: 

- Niyə narahatsan?

Qəribə cavab gəldi:

- İstanbula çoxlu ət aparmalıyam!

- Aaa, niyə? Dəlisən, ay qız, ət nədi? Buradan ora ət olar?

- “Olar?” yox, olmalıdı. 

Aparmalıyam...

Bu qızdan bu əti istəyən adamı elə görmək istəyirdim!!! İstanbulu görmək həvəsim ikinci plana keçmişdi. Bir bu əti istəyən azərbaycanlı qadını görsəydim, nə yaxşı olardı! İnsanların istəkləri də qəribə olur. Mənim kimi, sənin kimi, dünya kimi...

Demişdi “çoxlu ət al, gətir, pulunu verəcəm”, rəfiqəm onlarda qalcaqdı. Ət istəməyi qalsın bir qırağa, deyirdi “nə qədər bacarırsan, çox ət gətir. Lap çox!”

Deyən lazımdı, ay qadın, Yedditəpə üzərində yerləşən səssiz İstanbulda adam ət haqqında fikirləşər?! Əslində, qınamaq da olmurdu, neyləyəsən, könlünə ət düşüb də.

Məsələnin açmasını İstanbulda görüb biləcəyik. Səhər açılmışdı. Anamla əlimizdə göy çamadan liftin qarşısında dayanmışdıq:

- Həə, yaxşı fikirləş, heç nə qalmayıb?! Əsas odur ki, biletlər, pul üstümüzdə olsun, qalanını bir yolla həll edərik!

Maşın asta-asta, təpə kimi hündür olan həyətimizdən uzaqlaşdı. Onu da deyim ki, bu həyət qışda yaman sürüşkən olur. Məni də bir, iki dəfə yıxmaq istəyib. Nə bilim, yaxşı xatırlamıram, bəlkə də yıxılmışam bu həyətdə.

Sürücü əsas yola çıxanda sürəti artırdı. Dedim, imkan olsa, yolda saxlayarsınız, bir yerə dəyəcəm. Razılaşdı, bir də baxdım aeroport yolundayam. Yol mənə baxır, mən yola. Göyə uçmaq qalsın bir qırağa, ağ, qanadları uzun təyyarələrin yerdən həzin-həzin qalxmağını, tez bir zamanda gözdən itməsini, böyük təyyarənin küçücük olmasına baxmaqdan xoşum gəlir. Saatlarla baxaram, yağış, qar olsa, lap xoş olar, heç yorulmaram bu mənzərəyə baxmaqdan. Əsla, yorulmaram...

Gecə saatlarında biz Atatürk Hava Limanında idik. Baqajdan çamadanları alıb bayıra çıxmaq üçün iti-iti addımladıq. Dostlar bizi qarşılamağa gəlmişdi. Dostlardan biri elə üzügülər idi, günəş kimi işıq saçırdı, toppuş yanaqlarında qara xalı da vardı, elə xoşbəxt və rahat görünürdü! Dolu bədənli, asta və şirin, bədən dili ilə danışan, məndən bir neçə yaş balaca olan, rəngli geyinməyi xoşlayan, yaxşı musiqi zövqünə malik, bir neçə kitabı çıxan, uzun saçlı, sarışın bir dost!

Sultan Ahmet istiqamətində yerləşən oteli tapmalı idik. Yolun sol tərəfi ilə asta-asta addımlayırdıq. Elə yorulmuşduq, demək olar ki, susmağa üstünlük verirdik. Dar, işıqlı küçələrdən yavaş-yavaş keçirdik. Dördkünc, bozumtul, qədimi, sürüşkən, balaca daşların üstündən nazla gedən, rəngli çamadanların təkərlərinin səsini yaxşı xatırlayıram. Elə bil, çamadanların balaca, dilsiz təkərləri də yorulmuşdu. Oteli tapdıq.

Otelimiz, dar, uzun, daşlı-kəsəkli, hündür küçənin sağ tərəfində yerləşirdi. 

Çox macəralar baş verdi. Qısa, amma... maraqlı. Nəticədə biz Cihangir küçəsində qalmalı olduq. Demə, gəlib Orxan Pamukla “qonşu” olmuşuq. Elə biz Cihangirdə qalan günlərdə də Pamuk başqa ölkədə idi. Dedilər, onun evi bizim qaldığımız evin bir addımlığındadı. Qaldığımız evin yaxşı eyvanı var idi. Eyvanda dibçəklər, rəngli, zolaqlı çətir də var idi. Rəfiqəmlə çox gec yatırdıq, axşamlar isə çaylayırdıq. Guya, yatmayan dəli təkcə biz idik. Mən bu şəhəri heç yatan görmədim. Boş yerə deməyiblər: İstanbul yatmir! Səhərlər də bu eyvanda oturub nahar edirdik. 

Cihangir küçəsini öz ətri ilə gicələndirən isti, təzə, ətli, pendirli, göyərtili, xəmiri nazik, lap nazik olan dadlı böyrəklərdən alırdıq. Süfrəmizdə pendir, zeytun, pomidir, xiyar da olurdu. Günlərimiz maraqlı keçirdi. Bəzən hisslərimiz qarışırdi. İncidirdik bir-birimizi. Yaxın günlərdə Bakıya gedəcəyimizi bilirdik. Yəqin ona görə canımıza od düşmüşdü. Eyvandan baxanda divarları yaşıl boya ilə rənglənən “Firüzağa məscidi”ni gördük. Səhər məscidə gələnlər daha çox olurdu. Bir səhər məktəbli qız məscidə başı örtüksüz girmişdi. Anası elə əsəbləşmişdi. Az qalırdı qızını çimdikləsin. Gülməyim gəlirdi. Axı, o qızın nə günahı var!? Baş bağlamaqla yaradana sevgi olmaz ki! Həmin anda həqiqət qeyrətdən üstün görünürdü.

O məktəbli qızla da bu məscidin qarşısında tanış olmuşdum. Qisasaç, kök, qarabuğdayı bir qız idi. Tez-tez anası onun saçlarını yolurdu. Anasından mən qorxurdum, qalsın o balaca qızcığaz. Sarısaç qadın maddiyyatçı idi. Zəngin olmaq arzusu ilə alışıb yanırdı. Yaman yanırdı. Uşaqlara da az pul xərcləyirdi. Eynəksiz də bunları görmək olurdu. Nə isə...

Nədənsə, o qadın yaddaşımda hələ də var! Heç unutmadım ki! Səhərlər onun səsini eşitmək istəmirdim. Onun səs tonu mənim şüuraltımı narahat edirdi. Bərkdən danışan, baxışları ilə insanı özündən uzaqlaşdıran, uşaqlarına az pul xərcləyən, həyat yoldaşını incidən, barmaqlarına çoxlu üzük taxan, daha çox, qara şalvar geyinən, imkan düşən kimi, mənə nəsə aldıran, məsçidin qarşısında qızını çimdikləyən, hətta... arada qarasaçlı qızının saçını yolan, kök, hündür, bir ayağını çəkən xanım məhz... Bakıdan ət istəyən qadın idi!!

... Belə!!!

Gözlərimi yumub, yolun sağ tərəfi ilə qədimi daşların üstündəki tarixin izlərini, tozlarını axtara-axtara Ayasofiyaya doğru gedirəm...

OXŞAR XƏBƏRLƏR