Oskanyan İrəvanda keçirilən qurultayda deyib ki, ermənilər Qarabağ müharibəsində hələ tam qələbə qazanmayıblar
Ermənistanda may ayında keçiriləcək parlament seçkilərində Qarabağ məsələsi istər müxalifətdə, istərsə də hakimiyyətdə olan siyasətçilər üçün əsas kozırlardan biri kimi gündəmə gətirilməkdədir. Xəbər verildiyi kimi, prezident Serj Sərkisyan hakim Respublika partiyasının qurultayındakı çıxışında əsas məqsədlərdən birinin “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına nail olmaqdan” ibarət olacağını deyib.
Hakim koalisiyanın tərkibində yer alan, ancaq seçkilərə müstəqil qüvvə kimi qatılmağa qərar verən “Çiçəklənən Ermənistan” partiyasının İrəvanda keçirilmiş qurultayında da Qarabağ məsələsi çıxışlarda əsas yerlərdən birini tutub. Lakin “Çiçəklənən Ermənistan” partiyasına yeni qatılan keçmiş xarici işlər naziri Vardan Oskanyanın çıxışı Ermənistanın heç də çiçəklənmədiyini, əksinə, yoxsulluq və işsizlik, kütləvi miqrasiya problemləri içərisində çabaladığından bəhs edirdi. Oskanyan deyib ki, ermənilər hələ Qarabağ müharibəsində tam qələbəyə nail ola bilməyiblər. Onun fikrincə, Qarabağ müharibəsində qalib gəlmək üçün Ermənistana, eləcə də Dağlıq Qarabağın özünə demokratiya lazımdır. Keçmiş xarici işlər naziri bildirib ki, hazırda Ermənistan hakimiyyəti, onun rəhbərləri demokratik, hüquqi dövlət qurmaq, Qarabağ məsələsində əldə edilmiş nəticələri diplomatik müstəvidə möhkəmləndirmək əvəzinə Azərbaycanın hərbi ritorikasına uyur. Oskanyanın fikrincə, Azərbaycanın müharibə hədələrindən Ermənistan hakimiyyəti bəhanə kimi istifadə edir. “Azərbaycanın hədələri bir çox dövlət xadimləri üçün onların fəaliyyətsizliyinə haqq qazandırmaq, Ermənistan iqtisadiyyatının acınacaqlı durumda olmasını, təcrübəsizliyi, fəaliyyətsizliyi pərdələmək üçün bəhanə kimi istifadə edilir”, - deyə o bildirib. Onun fikrincə, Azərbaycanın hədələrinə Avropa dəyərlərinə söykənən, əsas azadlıqları təmin edən, güclü, rəqabətə davamlı iqtisadiyyata malik olan dövlət qurmaqla cavab vermək lazımdır. Oskanyan deyib ki, demokratiyaya nail olmadan Qarabağ məsələsində Ermənistanın əldə etdiyi “nailiyyətləri” möhkəmləndirmək mümkün deyil. Oskanyan həmçinin diqqəti Ermənistandan kütləvi mühacirətə yönəldib. O deyib ki, əhalinin son siyahıyaalınması ölkədə cəmi 2.3 milyon adamın yaşadığını göstərib. Bu isə təhlükəli tendensiyadır. Sabiq nazir vurğulayıb ki, Ermənistan əhalisi bununla da kritik 3 milyon baryerinin altına düşüb. Keçmiş nazir kütləvi mühacirətin ölkədəki acınacaqlı iqtisadi durum, işsizlik, azadlıqların mövcud olmaması, iqtisadiyyatın bir ovuc adamın əlində cəmləşməsi ilə bağlı olduğunu deyib. “Necə ola bilər ki, Ermənistan 20 illik müstəqilliyi ərzində öz vətəndaşlarına layiqli həyat təmin edə bilmədi? Bunun əsas səbəblərindən biri budur ki, hakimiyyətdə olanlar qanun qarşısında hamının bərabər olmasını təmin edə bilmədilər, islahatlar aparmadılar”, - deyə o əlavə edib. Beləliklə, Ermənistandakı seçkilərdə Qarabağ məsələsinin əsas kart kimi bu dəfə istifadə edilməsi münaqişənin nizamlanması perspektivlərinin nə dərəcədə dumanlı olduğunu bir daha təsdiqləyir. Qarabağ məsələsi üzrə nüfuzlu ekspert Tomas de Vall qeyd edir ki, Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal etməyə nail olması bu ölkədə siyasi elitalarının ciddi siyasi arqumentinə çevrilib. Ona görə də Ermənistan hakimiyyətində birbaşa Qarabağ münaqişəsinə aidiyyəti olan, bu münaqişədə iştirakı olan şəxslər cəmlənib. Bu günlərdə “Azadlıq” radiosuna müsahibə verən Tomas de Vall Qarabağ münaqişəsinin həlli üçün demokratiyanın müsbət təsiri ilə razılaşır, ancaq hesab edir ki, demokratiyanı gözləmək lazım gəlsə, bu münaqişə daha 40-50 il uzanardı. Ekspertin fikrincə, hazırda Qarabağ münaqişəsinin həllində sülh üçün perspektivlər çox azdır. O bildirir ki, indi faktiki olaraq danışıqlar dalana dirənib və tərəflərin mövqeyi bir-birindən olduqca uzaqdır. “Prosesdə irəliləyiş yoxdur. Proses bu illər ərzində heç bir metr də olsun irəli getməyib. Hətta Azərbaycan tərəfinin təklif etdiyi ən yüksək muxtariyyət statusu belə sözdən başqa bir şey deyil. Çünki indiyə qədər hələ Azərbaycan hökuməti bu muxtariyyətin nədən ibarət olacağı ilə bağlı heç bir sənəd ortaya qoymayıb. Bəlkə də QHT-lərin belə bir təşəbbüsləri olub. Amma Azərbaycan hökuməti hələ elə bir şey etməyib. Eyni zamanda hər iki tərəf bu münaqişənin həllində olduqca inadcıllıq göstərir. O ki qaldı demokratikləşmənin sürətlənməsinə, əslində demokratikləşmənin sürətlənməsinin sülhə bir az ziyanı da ola bilər. Əgər partiyalar hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparsalar, onda daha çox vətənpərvər şüarlarla meydana çıxanlar qələbə qazansa və bu da müharibəyə gətirib çıxarsa, bu, sülhə mane olacaq”, - deyə ekspert bildirir.
Yeni Müsavat