Müəllif Hüquqları Agentliyi Nadir Əzimovun mahnısını mənimsəyən iranlı müğənni ilə bağlı XİN-ə müraciət edib.
Bu barədə Gün.Az-a Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. Xatırladaq ki, söhbət Nadir Əzimovun bəstəsi olan “Mənə dəniz verin” adlı mahnıdan gedir. Bu mahnını RMS musiqi telekanalının efirində “Homayoun Molaei” adlı iranlı müğənni “Arezoo” adı altında oxumuşdu. Mahnının bəstəkarı Nadir Əzimov bununla bağlı Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova müraciət edib. X.Həsənli bildirib ki, araşdırma aparılıb və məlum olub ki, iranlı müğənni tərəfindən oxunan mahnıda Nadir Əzimovun mahnısının ilk fraqmentlərindən istifadə olunub. “Xarici İşlər Nazirliyinə məktubla müraciət etdik ki, Azərbaycanın İrandakı səfirliyinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilsin”.









































