Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Prosesdə zərərçəkən şəxs qismində Biləcəri bələdiyyəsinin sabiq sədri İlham Xəlilov və Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Elman Salmanov ifadə verib.
İlham Xəlilovistintaqa ifadəsində bildirib ki, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdırıb ki, general Çovdarovun yanına getməlidir.
Xatırladaq ki, Adil Yaqubov Daxili işlər Nazirliyində Çovdarovla çalışıb. Daha sonra hər iki şəxsin münasibətləri daha da yaxınlaşıb. Çovdarovun həyat yoldaşı İbadət Çovdarovaya məxsus "Bəhrə"MMC-in direktoru olub.
Zərərçəkən şəxs istintaqa ifadəsində qeyd edib ki, Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb. Qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb olunub. Və A.Çovdarov deyib ki, bu ismarıcın Elmana çatdırsın.
Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra Yaqubova çatdırıblar.
İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, "Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.
Bunlardan əlavə, ondan 120 min manat da tələb oluduğunu deyən bələdiyyə sədri Çovdarovdan "Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.
İstintaqda Biləcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da Çovdarov təkzib edib:
"İlham Xəlilovu uzun müddətdir tanıyıram. Onu DİN-də işləmiş Adil Yaqubov vasitəsilə tanımışam. İlham Xəlilovla çox yaxşı münasibət olub. 2005-ci ildən Biləcəri qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyib, dəfələrlə bir məclisdə olmuşuq. Lakin hazırda göstərilənlər tamamilə yalandır. İlham Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm, bununla bağlı nə İlham Xəlilova, nə də, Elman Salmanova hər hansı bir formada hədə-qorxu gəlib tələb irəli sürməmişəm”.
Akif Çovdarov üzləşmə zamanı deyib ki, ola bilsin ki, İlham Xəlilov onun adından istifadə etməklə Elman Salmanovdan pul alıb: "Hesab edirəm ki, bu elə belədir. Ümumiyyətlə, Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım”.
Çovdarov Elman Salmanov adlı şəxsdən İ.Xəlilovun vasitəsilə 150 min dolları hədə-qorxu ilə tələb etməsi barədə ittihamı böhtan adlandırıb.
Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır: "İlham Xəlilov özü dələduz olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir”.
A.Çovdarov ifadəsində bildirir ki, İlham Xəlilovu Adil Yaqubov vasitəsilə MTN-ə çağırıb ona "3 ildir bələdiyyə sədr işləyirsən 100 min gətir” sözünü deməyib.
"İlham Xəlilov mənə böhtan atır. Onlardan pul almamışam. 2014-cü ildə Masazır qəsəbəsində "Zəli Gölü” adlanan ərazidə Adil Yaqubovun adına 10 hektar torpaq sahəsinin sənədləşdirilməsini də tələb etməmişəm. Həmin ərazini Adil Yaqubov almaq istəyib. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. İlham Adil Yaqubovdan pul alsa da, sonradan nə həmin torpaq sahəsini, nə də buna görə Adil Yaqubovdan aldığı pulu qaytarmayıb. Bütün bunları Adil Yaqubovdan eşidib”.
Məhkəmə nahar fasiləsi edib.
Prosesdən sonra jurnalistlərə açıqlama verəniş üzrə zərərçəkən Binəqədi qəsəbə kənd bələdiyyəsini sədri olmuş Elman Salmanov isə bildirib ki, 150 min pulu Çovdarova deyil, bir başa İlham Xəlilova verib: "Çovdarovun adı gələndə qorxuya düşürdük. Həyətdə bir Range Rover vardı satıb verdim. Dedim başımızın sadağası olsun. Pulu iki dəfəyə 60 min bir, 90 min bir İlham Xəlilova verib. Mən Akif Çovdarovu heç görməmişəm, o pulu da ona verməmişəm. Mənim pulumu kim yeyib ondan tələb edirəm. Çovdarov məhkəmədə dedi ki pulun mən yeməmişəm. Həm də dedi ki ağsaqqalınızla münasibətimiz olsun. Hamı bilir ki bizim kəndin ağsaqqalı Hacı Madərdir".
Prosesdən sonra jurnalistlərə açıqlama verən Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "İstintaqda deyir ki, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənililib.
İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. Xəlilov istintaqda Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, Xəlilov ona deyib ki, əgər 150 mini verməsə onun başına torba keçirəcəklər. Həm də Elman Salmanov dedi ki, ondan pul istəniləndə ağsaqqalı ilə danışmaq istədiyini, vaxt lazım olduğunu deyib".
Akif Çovdarov məhkəmədə Elman Salmanova belə cavab verib: "Sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən?". Bu deyilənlər yalandır".
Vəkil bildirib ki, Akif Çovdarovun çıxışında İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib.
Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
///lent.az