Pakistan, Türkiyə, Azərbaycanın birgə təlimləri - Bölgə üçün hansı dəyişikliklər yaradacaq?

SİYASƏT
13:40 14.09.2021
1463
Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.
 
Əvvəlcə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevə təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə məruzə edib. General-leytenant Hikmə Mirzəyev "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirib.
 
Xüsusi Təyinatlı Qüvvələr komandanı üç dövləti təmsil edən xüsusi təyinatlıları birgə təlimlərin başlaması münasibətilə təbrik etdikdən sonra Azərbaycan, Türkiyə və Pakistanın şəhidlərinin xatirəsini yad etmək ucun bir dəqiqəlik sükut elan olunub. Üç qardaş dövlət arasında bu cür təlimlərin keçirilməsində əslində dünyaya bir mesajdır. Dünya ölkələri bu üç dövlət arasındakı qardaşlığı hər zaman hiss edir. İstər yaxşı, istərsə də pis günlərdə bir-birilərinin yanında olan bu dövlətlər dünyaya birlik nümunəsidir. "Bu gün əminliklə demək olar ki, Azərbaycan, Türkiyə və Pakistan dövlətləri ayrı-ayrılıqda öz bölgələrində, birlikdə isə bütövlükdə Cənubi və Ön Asiya, Yaxın Şərq, Qafqaz və Kiçik Asiya regionunda sülh və sabitliyin yeganə və istisnasız qarantlarıdır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputat qeyd edib ki, bizim birgə gücümüz hansısa dövlətə yönəlməyib: "Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021” birgə təlimi bu dövlətlərin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasına xidmət etdiyi üçün regionda sülh və sabitliyə, eləcə də beynəlxlaq hüququn aliliyinin qorunmasına ciddi töhfə hesab edilməlidir. 44 günlük müharibə göstərdi ki, beynəlxlaq hüquq qaydalarının imperativliyi heç də həmişə haqq-ədalətin bərqərar olması üçün yetərli olmur. Təəssüf ki, hələ də ümumtanınmış prinsiplərə dırnaqarası yanaşan, Ermənistana və ümumiyyətlə separatizmə açıq dəstək verən dövlətlər olduğu üçün bəzən beynəlxlaq hüququ güc yolu ilə təmin etmək lazım gəlir. Azərbaycan 44 günlük savaşda 30 il ərzində məruz qaldığı işğal və təcavüz faktoruna məhz güc yolu ilə son qoydu. Müharibədə bütün istiqamətlərdə tam üstünlüyə malik olsaq da, beynəlxlaq hüquqla müəyyənləşmiş sərhədlərimizdən bir qarış da kənara çıxmadıq. Baxmayaraq ki, güc və imkanlarımız bizə İravana qədər irəliləməyə şərait yaradırdı. Bununla da Azərbaycan Vətən müharibəsində nümayiş etdirdi ki, başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi müharibəni rədd edir, Silahlı qüvvələrə isə öz təhlükəsizliyini və müdafiəsini təmin etmək vasitəsi kimi baxaraq sülh və sabitlik qarantı kimi yanaşır. Azərbaycanın ən yaxın müttəfiqləri kimi qardaş Türkiyə və Pakistan da eyni siyasəti izlədiklərini dəfələrlə nümayiş etdiriblər. Bu gün əminliklə demək olar ki, Azərbaycan, Türkiyə və Pakistan dövlətləri ayrı-ayrılıqda öz bölgələrində, birlikdə isə bütövlükdə Cənubi və Ön Asiya, Yaxın Şərq, Qafqaz və Kiçik Asiya regionunda sülh və sabitliyin yeganə və istisnasız qarantlarıdır. Bu mənada Bakıda Azərbaycan, Pakistan və Türkiyənin "Üç Qardaş - 2021” birgə təliminə geniş bir arealı əhatə edən, təcavüz amilini rədd edib bölgə əhalisinin təhlükəsizliyinə yönəlmiş regional hadisə kimi yanaşılmalıdır. Bizim birgə gücümüz hansısa dövlətə yönəlməyib, lakin, heç şübhəsiz ki, bu təlimlər separatizmi, təcavüzü müdafiə etməklə bölgədə vəziyyəti gərginləşdirməyi hədəfləyən mürtəce qüvvələr üçün də bir xəbərdarlıqdır". Bu gün dünyaya birlik və qardaşlıq nümunəsi olan Azərbaycan, Türkiyə və Pakistanın bu qardaşlığı, birgə təlimləri davamlı olacaq. Bu dövlətlər bundan sonrakı dövrdə də dünyaya örnək davranışları davamlı nümayiş etdirəcək.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR