Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində naməlum silahlı şəxslər 20 polis təcrübəçisini qaçırıblar.
"Dawn" nəşri xəbər verir ki, hadisə Mastunq dairəsində, Kvetta-Kəraçi avtomobil yolunda baş verib.
Avtomat silahlarla silahlanmış və motosikletlə hərəkət edən naməlum şəxslər Kələt polis təlim mərkəzindən həftəsonu evlərinə qayıdan gənc polislərin olduğu mikroavtobusu saxlayıblar. Silahlılar nəqliyyat vasitəsini ələ keçirərək içərisindəki 20 polis təcrübəçisini naməlum istiqamətə aparıblar.
Mikroavtobusun sürücüsü və daha üç sərnişin isə sərbəst buraxılıb.
Pakistanın hüquq-mühafizə orqanları ətrafdakı dağlıq ərazilərdə axtarış əməliyyatına başlayıblar. Lakin hələlik nəticə əldə olunmayıb.
Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
///oxu.az///











































