Pakistanda terrorçular sərnişin qatarını partladıb.
APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, hadisə Bəlucistan əyalətinin Nəsirabad dairəsində qeydə alınıb.
Əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində qatar relsdən çıxıb. Sərnişinlərdən ikisi qadın olmaqla 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Hadisə vaxtı qatarda yüzdən çox sərnişin olub. Onlar Pəncab əyalətindən Qurban bayramı tətilindən qayıdırmış. Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.