Palçıq at, izi qalsın… - Böhtan atanlara

Palçıq at, izi qalsın… - Böhtan atanlara
KÖŞƏ
13:57 26.11.2012
7986

Ənzulə ƏmirovaKiməsə böhtan atmaq zəif xarakterli insanlar üçün olduqca asandır. Xəyallarında canlandırdıqları mənfi obrazları real həyatda xoşlamadıqları birisinə yansıtmağa, onu cəmiyyətə özlərinin görmək istədikləri kimi təqdim etməyə çalışırlar. Tarix boyu böhtan atanlar olub və elə buna görə də böhtanla bağlı müxtəlif fikirlər yaranıb. İkiüzlülüyü, yaltaqlığı bacaranlar üçün böhtan atmağın daha asan olduğu, iftiranın qılıncdan daha güclü silah olduğu, çünki onun açdığı yaraların heç zaman sağalmayacağı bildirilib.Dinimizdə də böhtan pislənir, ən böyük həyasızlıq və abırsızlıq sayılır. “Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah qiyamət günü onu həmin kəsin barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar” buyuruğu da peyğəmbərimizə məxsusdur.

İnsan böhtana məruz qalanda özünü çox çarəsiz sayır. Bilmir, nə etsin? Ya həqiqəti sübut etmək üçün çırpınıb durur, ya da bir küncə qısılıb için-için ağlayır. Bəzən çılğınlıq edib hayqırmaq, bəzənsə yalvarmaqla atılan iftiradan yaxa qurtarmağa çalışır. Həyatında bir dəfə də olsun, böhtana uğrayanlar bunun nə demək olduğunu yaxşı anlayarlar. Bəziləri “Kiməsə palçıq atanın əvvəlcə öz əlləri çirklənər” məsəli ilə təsəlli taparkən, digərləri “Palçıq at, izi qalsın” fikrini xatırlayıb sıxıntıdan alışıb-yanarlar.

Mənim həyatda ən çox qorxduğum şeylərdən biri nəyinsə əslini bilmədən yalan söyləməkdir. Həmişə bundan çəkinmişəm. Bu mövzuya toxunmağımın səbəbi də son zamanlar insanların asanlıqla yalan danışmalarının, kiminsə haqqında həqiqəti yalan formasına salıb, bəzəyib-düzəyib ətrafdakılara sırımağa çalışmalarının şahidi olmağımdır. Belə hallarda səsimi ucaltmamaq, etirazımı bildirməmək əlimdən gəlmir.

Öz dilləri ilə cəhənnəmdə yerlərini hazırlayan insanlar necə də yazıqdırlar… Xoşlamadığı birini nüfuzdan salmaq, susdurmaq məqsədilə ağılagəlməz böhtanlar uydurmaqla ona mənəvi zərbə vurmaqla yanaşı özlərini də uçuruma atdıqlarının fərqində deyillər. Çünki dəlil-sübut olmadan kimisə günahlandırmaq, onu ətrafdakıların gözündən salmaq böyük günahdır.

Qadınların əxlaqına sataşmaq məqsədilə deyilən yalanlar isə artıq ayaq tutub yeriməyə başlayır. Nə çoxdur günahsız yerə böhtana məruz qalan, elə buna görə də həyatları məhv olan qadınlar... Çox vaxt böhtan, şər, yalan, yersiz qınaq ucbatından qadınlar zillət dolu həyata qatlaşmalı olurlar.

Bu günlərdə gənc bir xanım ailəsində çəkdiyi sıxıntılardan, üzləşdiyi haqsızlıqlardan danışırdı. İztirablarını göz yaşları içərisində dilə gətirən xanımın: “Zamanında o insanı və ailəsini tanımadınmı, niyə neçə illərdir bu cür həyata dözürsən?” - sualıma verdiyi cavabdan çox təsirləndim. Dedi ki, nişanlı olduğumuz müddətdə onunla fərqli dünyaların adamları olduğumuzu anladım. Amma ailəm: “Eldən ayıbdır, toydan sonra bütün anlaşılmazlıqlar düzələr”, - deyə mənim onunla ailə həyatı qurmağıma israr etdilər. Təəssüf ki, toydan sonra münasibətlərimiz daha da pisləşdi. Ancaq ailəmə görə, “boşanmış qadınlara bu cəmiyyətdə yaşamaq da, işləmək də çətindir. Kənardan hərə bir söz deyər, adına ləkə yaxarlar” dediklərinə görə sıxıntılı həyatımı davam etdirdim. İndi iki övladım var, “yoldaşımla yaşamaq çətin olduğu üçün ayrılmağa məcburam və bu həqiqəti artıq ailəm də qəbul edir. Göz yaşları içərisində dərdini bölüşən həmin xanımı bir həqiqət daha çox yandırır: zamanında “boşanmış qadınlara palçıq daha tez yapışır” düçüncəsi ilə onu tək qəbul etməyən valideynləri indi onu iki övladı ilə qəbul etmək məcburiyyətindədirlər…

Bu və bundan da kədərli nümunələr saysızdır. Böhtan atanlar əvvəl-axır öz cəzalarını çəkəcəklər. Buna heç bir şübhə yoxdur. Amma bir gerçək də odur ki, yalanla, kiminsə adına ləkə yaxmaqla neçə-neçə insan əziyyət çəkir, o ləkədən qurtulmaq üçün illərini sərf edənlər də az deyil. Sonucda isə insanların bir-birinə olan güvəni sarsılır, sevgi, dostluq hisslərini qorxu, nifrət əvəz edir, cəmiyyətimiz sarsılır.

Təəssüf doğurucu məqam isə odur ki, bu iftiralara qulaq asanlar, bunun şahidi olanlar da inandıqlarındanmı, ya laqeydlikdənmi susurlar. Susmaqsa elə böhtan atmaq qədər günahdır. Odur ki, yalandan, şərdən, böhtandan və bu xislətli insanlardan uzaq olun. Cənnətin qapısını öz əllərinizlə üzünüzə bağlamaq istəmirsinizsə, dilinizə sahib çıxın…

OXŞAR XƏBƏRLƏR