Paltar, makiyaj, şəxsi əşyalar... – Dostluqda sərhəd harada başlayır?

Paltar, makiyaj, şəxsi əşyalar... – Dostluqda sərhəd harada başlayır?
SOSİAL
16:22 07.09.2026
49

Gündəlik həyatda dostlar, qohumlar və yaxın insanlar arasında şəxsi əşyaların paylaşılması adi hal kimi qəbul olunur. Lakin bəzən bu paylaşım qarşı tərəfin şəxsi sərhədlərinin pozulmasına çevrilə bilər.

Məsələn, bir insan dostunun paltarlarını tez-tez geyinir, kosmetik vasitələrindən istifadə edir və ya şəxsi əşyalarını icazə almadan götürür. Qarşı tərəf isə narahat olsa da, münasibətin korlanacağından çəkinərək "yox” demir.

AZXEBER.COM xəbər verir ki, psixoloqların fikrincə, insanın sərhəd qoya bilməməsinin arxasında qarşı tərəfi incitmək qorxusu, münasibəti itirmək narahatlığı dayana bilər.

"Yox” demək niyə bu qədər çətin olur?

İnsanların bir-birinə "yox” deməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri qarşı tərəfin reaksiyasından narahat olmaqdır. Şəxs düşünə bilər ki, "yox” desəm, dostum inciyəcək, məni soyuq və ya eqoist hesab edəcək. Nəticədə öz narahatlığını ifadə etmək əvəzinə qarşı tərəfin rahatlığını üstün tutur. Bu vəziyyət xüsusilə münasibətlərin qorunmasına həssas yanaşan insanlarda daha çox müşahidə oluna bilər.

Yaxınlıq şəxsi sərhədləri aradan qaldırmır

Dostluq və yaxın münasibət insanların bir-birinə daha rahat davranmasına imkan yaratsa da, bu, şəxsi sərhədlərin tamamilə aradan qalxması demək deyil. Bir insanın paltarı, kosmetik vasitəsi, telefonu və digər şəxsi əşyaları onun şəxsi məkanı hesab olunur. Yaxın münasibət qarşı tərəfə həmin əşyalardan istənilən vaxt istifadə etmək hüququ vermir.

Burada əsas məsələ əşyanın paylaşılmasından çox, razılığın olub-olmamasıdır. İnsanlar niyə narazı olduqları halda susurlar?

Bəzən insanın daxilində narazılıq yaranır, lakin bunu açıq şəkildə ifadə etməkdə çətinlik çəkir. "İndi desəm, pis çıxar”, "onsuz da dostumdur”, "bir dəfəlikdir”, "ayıb olar” kimi düşüncələr insanı susmağa vadar edə bilər.

Lakin bu hal təkrarlanmağa başladıqda narazılıq yığıla və münasibətdə gizli gərginlik yarada bilər. İnsan qarşı tərəfə heç nə demədiyi halda daxilən əsəbiləşir. Qarşı tərəf isə problemin olduğunu bilmədiyi üçün eyni davranışı davam etdirir. Beləliklə, deyilməyən bir "yox” zamanla daha böyük münaqişəyə çevrilə bilər.

Mütəxəssislərin yanaşmasına görə, şəxsi sərhəd müəyyənləşdirmək eqoistlik kimi qiymətləndirilməməlidir. 

İnsan öz əşyasından istifadə olunmasını istəmirsə, bunu qarşı tərəfə bildirmək onun haqqıdır. Burada əsas məsələ "yox” sözünün necə ifadə edilməsidir.

Məsələn, sərt və qarşı tərəfi alçaldan formada deyil, sakit şəkildə "Bu əşyamı paylaşmaq istəmirəm” və ya "Bundan istifadə etməyini istəmirəm” demək mümkündür. Belə ifadə qarşı tərəfə hörmətsizlik deyil, şəxsi sərhədin bildirilməsidir.

Şəxsi əşyalarda gigiyena məsələsi də var. Xüsusilə kosmetik vasitələrin paylaşılması yalnız şəxsi sərhəd məsələsi deyil, gigiyena baxımından da diqqət tələb edir. Dodaq boyası, tuş, makiyaj fırçaları və digər kosmetik vasitələrin bir neçə şəxs tərəfindən istifadəsi gigiyenik risklər yarada bilər. Bu səbəbdən insanın kosmetik vasitələrini paylaşmaq istəməməsi yalnız "xəsislik” və ya "soyuqluq” kimi qiymətləndirilməməlidir.

Dostluqda sərhəd necə qoyulmalıdır?

Sağlam münasibətdə tərəflər bir-birinin şəxsi sərhədlərinə hörmət etməlidir. İnsan narahat olduğu davranışı qarşı tərəfə vaxtında və sakit şəkildə bildirməlidir. Problemi uzun müddət susaraq yığmaq əvəzinə, sərhədi əvvəlcədən müəyyənləşdirmək münasibətin daha sağlam davam etməsinə kömək edə bilər. Çünki yaxın olmaq hər şeyə icazə vermək demək deyil. Bəzən bir münasibəti qorumağın ən sağlam yolu "hə” demək yox, vaxtında və düzgün formada "yox” deyə bilməkdir.


Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR