Tahirə Tahirqızı
Azərbaycan Dillər Universitetinin müəllimi
Hazırda bütün dünyanı öz ağuşuna almış "Koronavirus (COVID-19) pandemiyası demək olar ki, iqtisadiyyatın bütün sahələrinə öz mənfi təsirini göstərməkdə davam edir.
Azərbaycan da dünyanın bir parçası olaraq bu xəstəliyin qarşısının alınması istiqamətində sosial izoliasiya tədbirləri görməklə yanaşı, bu təsirdən əziyyət çəkən əhali təbəqəsinin sosial durumunun yaxşılaşdırılması, sahibkarlıq subyektlərinə dəyən ziyanın müəyyən hissəsinin ödənilməsi, eləcə də ölkə iqtisadiyyatının post-pandemiya dövründən sonrakı müddətdə tez bir zamanda dirçəldilməsi istiqamətində məqsədyönlü tədbirlər görməkdədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə koronavirus pandemiyasının təsirlərinin azaldılması üçün işsiz kimi qeydiyyata alınmış 600 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödənişin verilməsi məhz əhalinin sosial durumunun ölkə rəhbərliyinin hər zaman əsas diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirdi. Bu sosialyünümlü addımdan sonra xalqımız bir daha həmrəylik nümayiş etdirərək imkanlı şəxslər tərəfindən aztəminatlı ailələrə yardımların göstərilməsinə başlanıldı və hazırda bu tədbirlər davam etməkdədir. Atılan bu addımlar xalqımızın birliyini bir daha nümayiş etdirdi.
Hazırkı durumda hökumət tərəfindən verilmiş müvafiq qərara əsasən hər kəs "evdə qal” tələbinə əməl edərək özünü və ətrafdakıların sağlamlığını qorumağa çalışır. Təbii ki, bu da insanların bir çoxu tərəfindən "psixoloji terror” kimi qəbul olunur. Çünki bəzilərimiz hələ də bu həyat tərzi ilə barışa bilmirik. Hər gün səhər tezdən evdən çıxıb işə gedən və axşam evə qayıdan insanlar "evdə qal” tələbinə əməl edərək çox stress yaşayırlar, aqressiv olurlar. Bəziləri isə bu tələbdən səmərəli istifadə edir. Belə ki, öz əzizləri, doğmaları ilə adi günlərdən fərqli olaraq indi onlayn vasitəsilə sevə-sevə əlaqə yaradırlar.
Bu çətin dönəmdə bəzi biznes sahələrinin, o cümlədən tədris mərkəzlərinin bağlanması o demək deyil ki, kimlərsə işsiz qalır və yaxud insanlar istədikləri alış-verişi ede bilmir, habelə şagirdlər və tələbələr dərslərində geri qalırlar. Əksinə bu hal qloballaşan dünyada onlayn alış-veriş imkanlarının daha da genişlənməsinə gətirib çıxarmışdır.
Dünyanın bir çox ölkələrində olduğu kimi hazırda ölkəmizdə də təhsil müəssisələri tam olaraq bağlanmışdır. Lakin müasir dünyanın çağırışları əsasında hazırda ixtisaslı müəllimlərimiz tərəfindən onlayn dərslərin keçirilməsi təcrübəsindən geniş istifadə olunur.
Təhsilin bu forması "Distant təhsil” adlanır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən tələbələrin fəallığını, yaradıcılığını və müstəqilliyini inkişaf etdirir. Müəllimlərin öz tələbələrinə ayırdığı dəyərli vaxtları ilə onlar öz asudə vaxtlarını elmə sərf edir və yeni biliklər əldə edirlər. Bununla da şagid və tələbələr öz asudə vaxtlarını səmərəli istifadə etmiş olurlar. Əhalinin müxtəlif "challenge”lərə qoşulmasını da asudə vaxtının səmərəli istifadəsi kimi hesab etmək olar.
Sonda qeyd etmək istərdim ki, heç bir panikaya qatılmadan hökumətin müəyyən etdiyi müddət ərzində "evdə qal” tələbinə əməl etməli və öz inam və əməllərimizlə ölkəmizin davamlı inkişafına dəstək və töfhəmizi verməliyik.