Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın bəyanatlarına sərt reaksiya verib.
O, bildirib ki, Kalas Gürcüstanın məhkəmə sistemindən üzr istəmək əvəzinə, bu gün gürcü hakimlərini böhtanla hədəfə alır və onları cəza tədbirləri ilə təhdid edir.
Papuaşvilinin sözlərinə görə, bu yanaşmanın artıq Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur:
"Təəssüf ki, Gürcüstan dövləti və xalqı bu gün də Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrindən – o cümlədən Kaya Kalasdan – aqressiv ritorika, böhtan və sovet tipli təhdidlər eşidir. Bu gün Kallas açıq şəkildə iki gürcü hakimini sanksiyalarla hədələyir. Bu, Brüsselin seçdiyi uğursuz və təhlükəli yoldur”.
Papuaşvili əlavə edib ki, bu yanaşma Gürcüstanın müstəqil məhkəmə sisteminə açıq hücumdur və Avropa İttifaqının daxilindəki vətəndaşlar bu təhdidlərin mahiyyətini düşünməlidirlər.
O, Kallası Gürcüstan məhkəmə sisteminə qarşı əvvəlki böhtan xarakterli hücumlara görə üzr istəməyə çağırıb, əks halda, bu cür çıxışların Brüsselin nüfuzuna daha böyük zərbə vuracağını deyib.
Qeyd edək ki, Kaya Kallas bu gün Aİ Xarici İşlər nazirlərinin görüşündən əvvəl verdiyi açıqlamada Gürcüstan hökumətinə qarşı mümkün tədbirləri nəzərdən keçirdiklərini və "bütün variantların masada olduğunu” bəyan edib. Onun sözlərinə görə, bu tədbirlər sırasında vizasız rejimin dayandırılması da ola bilər.
///report