Parisdə Əbülfəs Qarayevin sədrliyi ilə Büro iclası keçirilib

MƏDƏNİYYƏT
19:00 29.10.2013
1216

Oktyabrın 28-də Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən Büro iclasında dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına dair məlumat təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, iclasda bəzi ölkələrdə acınacaqlı vəziyyətdə olan ənənələr, tarixi abidələr, qeyri-maddi mədəni irs nümunələri və onlara UNESCO tərəfindən göstəriləcək maddi yardımlar da müzakirə olunub.

İclasda Bakıda keçiriləcək sessiyanın gündəliyi, iştirakçıların qəbulu, yerləşdirilməsi, komitənin strukturu və fəaliyyəti barədə məlumat verilib. Bakının ümumi görünüşünün, tarixi abidələrin, milli rəqslərin, turizm məkanlarının, milli mətbəx nümunələrinin, qədim çövkən oyununun əks olunduğu film nümayiş etdirilib.

Ə.Qarayev UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşündə onu dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək Hökumətlərarası Komitənin 8-ci sessiyasına dəvət edib. Daha sonra İrina Bokova və Əbülfəs Qarayev "Qeyri-maddi mədəni irsin qorunması haqqında" 2003-cü il Konvensiyasının 10 illiyinə həsr olunan sərginin açılışında iştirak ediblər. Qeyri-maddi mədəni irsin davamlı inkişafından bəhs edən sərgidə dünyanın müxtəlif bölgələrindən olan qeyri-maddi elementlər nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR