Partiya sədri: 'Seçkilərdə Nərmin Məmmədovanın qələbəsini gözləyirik' - AÇIQLAMA
GƏNCLİK
11:53 03.05.2012
1769
Demokratik Maarifçilik Partiyasının mətbuat xidməti ”İRƏLİ”ictimai birliyinin konfransı ilə bağlı partiya sədri Elşən Musayevin müraciətini yayıb. AZXEBER.COM portalı həmin müraciəti olduğu kimi təqdim edir. Bir neçə gündən sonra, mayın 5-də Azərbaycan gəncliyi adına illərdir son dərəcə ciddi və səmərəli bir əmək sərf edən təşkilatın-“İRƏLİ”-ictimai birliyinin Hesabat-Seçki konfransı baş tutacaq. Belə bir məqamda dostlarımızın sevincinə şərik olmaqla bərabər bir neçə nüansı vurğulamağı da özümə borc bilirəm. İlk öncə qeyd edim ki, birliyin sədri Ceyhun Osmanlının bu təşkilat üzərində haqqı həqiqətən böyükdür və “İRƏLİ”nin qısa bir zaman kəsiyində Azərbaycanın ictimai-siyasi həyatına öz damğasını vurmasında əsas pay sahiblərindən biri də məhz odur. Amma qeyd etdiyim bu ciddi faktora rəğmən, Osmanlı sədrlikdən getmə istəyini açıqladı və bununla da gənclik sektoruna həm də gözəl bir nümunə göstərmiş oldu. “İRƏLİ” mənim üçün doğma bir təşkilatdır. Üstəgəl, Ceyhun Osmanlı və “İRƏLİ”də təmsil olunan bir çox insan həm də həyatdakı ən yaxın dostlarımdır. Amma, bütün bu söylədiklərimlə bərabər onların gələcək fəaliyyətinin səmərəliliyi və inkişaf dinamikası da şəxsim adına ən başda gedən arzulardan biridir. Məlumunuz olduğu kimi növbəti konfransda sədrliyə iddialı olan iki namizəd var. Hər ikisinə hörmətim böyükdür. Amma onların arasından sadəcə bir nəfər seçiləcək və “İRƏLİ”nin sükanı da yaxın illər ərzində həmin şəxsə etibar olunacaq. Odur ki, bu təşkilatda qərarlaşan və səsvermə hüququ olan bütün dəyərli dostlarımın seçim məsələsində son dərəcə diqqətli olmalarını tövsiyyə edirəm. Şəxsən mənim və rəhbərlik etdiyim Partiyanın bu seçkilərdə dəstəkləyəcəyi namizəd Nərmin Məmmədovadır. Belə bir qərara gəlməyimizin qayəsində isə Nərmin xanımın ictimai sektordakı gərgin əməyi, istedadı, nüfuzu, əzmi, ən nəhayət liderlik bacarığı durur. Və, biz məsələyə həm də o aspektdən yanaşırıq ki, əgər ölkənin ictimai-siyasi həyatında son dərəcə önəmli bir rolu olan təşkilatın növbəti sədri xanım olsa, bu gələcəkdə gənclər sektorunda çalışan digər xanımların da aktivləşməsi və proseslərdə ciddi rol almaları üçün yetərli bir stimul olar. Bir daha qarşıdan gələn konfrans münasibətilə bütün “İRƏLİ”üzvlərini səmimi qəlbdən təbrik edir, tezliklə Nərmin xanımın qələbəsini gözləyir, əziz dostum Ceyhun Osmanlıya isə gələcək fəaliyyətində uğurlar diləyirəm.