Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında "Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq" fikrini səsləndirib.
Dövlət başçısı bir daha qeyd edib ki, Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır deyə bildirib.
Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı AZXEBER.COM-a deyib ki, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirəcək:
"Ermənistan şərtlərimizi kağız üzərində qəbul etmişdi. Amma reallıqda icra edilməli olan bu iki məsələ hələ də həll olunmamış qalmaqdadır. Təbii ki, bu iki məsələ də mütləq şəkildə icra olunacaq, çünki beynəlxalq hüquqa görə sülh müqaviləsini imzalayacaq tərəflər bir-birinin ərazilərinə rəsmən iddalı olmamalı və gələcəkdə yenidən narahatçılıq yaradacaq məsələləri gündəlikdən çıxartmalıdır.”
Deputat vurğulayıb ki, bu məsələlərin hələ də həll olunmamasının kökündə Ermənistandakı ictimai-siyasi vəziyyət dayanır:
"Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistanın radikal müxalifəti hər bir vasitədən istifadə etməklə Paşinyanı hörmətdən salmağa və onu dəstəkləyənləri öz tərəfinə çəkməyə çalışır. Ona görə də Paşinyanın bu iki şərtimizin icrasını yubatdığını hesab edirəm. Düşünürəm ki, bu məsələlərin hələ də həll olunmamasının kökündə Ermənistandakı ictimai-siyasi vəziyyətin dayandığını hesab edirəm. Amma 2026-ci ildə seçkidən sonra bütün məsələlər həm kağız üzərində, həm də reallıqda mütləq şəkildə öz həllini tapacaqdır. Çünki təqdim etdiyimiz şərtlərin alternativi yoxdur".
Gülşad İbrahimova