xari

Paşinyan ilk dəfə etiraf etdi: “Oktyabrın ikinci yarısında ağır güzəştlərə getmək qərarına gəldim”

SİYASƏT
12:39 14.04.2021
226
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Qarabağda şiddətli döyüşlərin getdiyi zaman, xüsusilə Təhlükəsizlik Şurasının 19 oktyabr iclası və bundan sonra baş tutmuş Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı aparılan müzakirələrin bəzi təfərrüatlarını açıqlayıb.

Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Onun sözlərinə görə, artıq oktyabrın ikinci yarısında vəziyyəti təhlil edərək ağır güzəştlərə gedilməsi yolu ilə də olsa döyüşlərin dayandırılması qərarına gəlib.

"Bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağırdım. İclasda həmçinin müxalifət nümayəndələri də iştirak etdi. Mən onları məsuliyyəti bölüşmək üçün deyil, məlumatlandırmaq üçün dəvət etdim”, - deyə N.Paşinyan bildirib.

Sözügedən iclasda həmçinin Ermənistan prezidenti və ölkənin katolikosu da iştirak edib.

Nikol Paşinyan iclasdan sonra Rusiya prezidentinə zəng edərək Ermənistanın keçmişdə vasitəçilər tərəfindən dəfələrlə təklif olunan 5+2 formulu əsasında ətraf rayonların Azərbaycana qaytarılması şərti ilə barışıq istədiyini bildirib.

"Biz Rusiya prezidenti ilə vəziyyəti ətraflı müzakirə etdik və bir-birimizi tam anladıq. Bilirsiniz ki, orada azərbaycanlı qaçqınlarla bağlı məsələ var idi. Dedim ki, bu məsələ bir şəkildə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi ilə əlaqəlidirsə, bu mövzuda heç bir prinsipial etirazımız yoxdur”, - deyə N.Paşinyan qeyd edib.

Nikol Paşinyanın sözlərinə görə, bundan sonra Rusiya prezidenti azərbaycanlı həmkarı ilə telefon danışığı aparıb. Telefon danışığının nəticəsində Bakının erməni tərəfinin Hadrutu qaytarmaq tələbini qəti şəkildə rədd etdiyi, həmçinin qaçqınların, o cümlədən Şuşaya da qayıtmasından asılı olmayaraq, Qarabağın statusu məsələsinin qaçqınlar mövzusu ilə əlaqələndirilməməli olmasında təkid etdiyi aydın olub.

Bundan əlavə rəsmi Bakı 5+2 formulu ilə deyil, yeddi rayonun eyni vaxtda qaytarılmasını tələb edib. N.Paşinyan müzakirələrlə bağlı bu detalları ilk dəfə açıqladığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR