Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Moskvada görüşü baş tutacaq.
Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 10-da imzaladığı sülh bəyanatının tətbiqi barədə müzakirələrin aparılacağı planlaşdırılır.
Görüş barədə fikirlərini AZXEBER.COM-a bildirən politoloq İlyas Hüseynovun sözlərinə görə, Paşinyanın inaqurasiya mərasimindən öncə Moskvaya yollanmasının Ermənistan müxalifəti tərəfindən ciddi etirazlarla qarşılanacaq:
"Ermənistanda hələ də ictimai-siyasi vəziyyət çox gərgin olaraq qalır. Müxalifət seçkilərin nəticələrini qəbul etmir və onunla hesablaşmır. Buna görə də yuxarı instansiyalara müraciət edirlər. Burada Robert Köçəryan və Serj Sarkisyanın adını çəkmək olar. Amma Rusiya başda olmaqla digər dövlətlər də Ermənistanda keçirilmiş seçkiləri legitim adlandırıb. Bütün bunların fonunda 10 noyabr bəyənatında Ermənistanın götürdüyü öhdəliklərin icrasında ləngimə müşahidə olunur. Burada əsas məsələ Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Hazırda Rusiya tərəfinin siyasi iradəsi bu dəhlizin həyata keçirilməsində maraqlıdır. Türkiyə və İranın da bu məsələyə isti yanaşdığının şahidiyik. Rusiyanın bu məsələlərdə Ermənistanla danışıqlar aparması mühüm əhəmiyyət kəsb edir. Yəqin ki, bu görüşdə Zəngəzur dəhlizinin açılması da müzakirə olunacaq”.
Politoloqun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinin açılması istiqamətində çox maraqlıdır:
"Ermənistan ərazisindən keçən dəmir yolları Rusiya dəmir yollarının törəmə şirkətidir və birbaşa olaraq o xətlər Rusiyaya tabedir. Bu görüşdə təhlükəsizlik məsələləri də müzakirə olunacaq. Bölgədə həmin təhlükəsizliyi rus sülhməramlıları təmin edir. Xoşagəlməz halın baş verməməsi üçün danışıqların səmərəli şəkildə aparılması mühüm elementdir. Ümumilikdə Paşinyanın seçkidən sonrakı fəaliyyətinin həmin görüşdə müzakirəsi gözlənilir”.
Aydın Nuri