Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bir sıra anlaşmaların əldə oluması iki ölkə arasında sülh istəməyən qüvvələrin fəallaşmasına səbəb olub. Onlar hər vasitə ilə sülhə mane olmağa, tərəflərin anlaşmasının baş tutmamasına çalışır.
Proseslər Ermənistan müxalifətinin fəallaşmasına, daha da radikallaşmasına səbəb olub. Onlar indi Paşinyana qarşı daha sərt mövqe sərgiləyir, baş naziri hətta "vətənə xəyanət"də belə ittiham edirlər.
Erməni müxaliflər Paşinyanın Qarabağ və Ermənistanın gələcəyi ilə bağlı mövqeyini "hər şeyi təhvil vermək cəhdi" kimi dəyərləndirir, onu anti-erməni siyasəti apardığını iddia edirlər.
Paşinyana və komandasına nifrət gücləndikcə, siyasi liderliyə və hakimiyyətə can atan müxalifət də bundan yararlanmağa çalışır. Baş nazirin "Azərbaycana sevgisini" və "Azərbaycanpərəst çıxışları"nı iddia edən müxaliflər onun Ermənistanı parçalayacağını və dövlətçilyinə sağalmaz yaralar vuracağını deyirlər.
Ermənistanın və Qarabağın taleyinin "havadan asılı vəziyyətdə" olduğunu iddia edən qüvvələr ölkədə tezliklə siyasi partlayışın baş verəcəyini və bunun ağır nəticələrə səbəb olacağını proqnozlaşdırırlar.
İndiyədək Paşinyana dəstək olan qüvələr arasında da müxaliflər formalaşır. Onlar baş nazirin hakimiyyətdə olduğu 4 il ərzində "ölkəni məhv etməyə" çalışdığını iddia edirlər. Bu şəxlər hesab edir ki, Paşinyanın hakimiyyəti illərində ölkədə inkişaf tamamilə dayanıb, Ermənistan üçün çox vacib olan, "illərin gərgin zəhməti hesabına" yaradılmış təhlükəsizlik sistemi tamamilə dağıdılıb. Hətta iddia olunur ki, bu sistemi yenidən formalaşdırmağa çalışmaq əvəzinə, Paşinyan və komanda yoldaşları tamamilə məhv etməyə çalışır.
Müxaliflərin fikrincə, Paşinyanın hakimiyyəti dövrü həm də Qarabağın azadlığı ilə bağlı arzuların boşa getməsi, dövlətin suverenliyinin böyük ölçüdə zədələnməsi, minlərlə itki, yaralılın olması və vətəndaşlığı olmayan insanların sayının artması ilə yadda qalıb. Eyni zamanda ölkə iqtisadiyyatı nəinki inkişaf etməyib, əksinə acınacaqlı duruma düşüb. İnflyasiya dəhşətli həddə çatıb, maaşlar, pensiyalar zərrə qədər də artmayıb, sosial-iqtisadi vəziyyət daha da pisləşib. Ümumiyyətlə, dörd il ərzində ölkə iqtisadiyyatının inkişafı istiqamətində heç bir addım atılmayıb. Hakimiyyətin ancaq mədənçilik və pul köçürmələri hesabına ayaqda qaldığı, demoqrafik vəziyyətin ağırlaşdığı, əhali sayının durmadan azaldığı deyilir.
Müxalif erməni ekspertlərin fikrincə, son illər cəmiyyətdə parçalanma sürətlə artır, ümidsizlik, məyyusluq yaranır, çoxları mühacirətə getməklə qaçıb canını qurtarmağa çalışır, dövlət idarəçiliyi sistemində heç bir islahat aparılmır.
Bütün bunlar Ermənistanda siyasi vəziyyətin getdikcə gərginləşdiyini göstərir. Burda təkcə hakimiyyət uğrunda mübarizə aparan müxalifət deyil, həmçinin xarici qüvvələr də maraqlıdır. Hansı ki, onlar Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsində, Ermənistanın normal qonşuluq münasibətləri quraraq müstəqil siyasət yürütməsində, Qərb və Avropaya yaxınlaşmasında maraqlı deyil. Məqsəd Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq və gərginliyi saxlamaqla öz maraqlarını həyata keçirməkdir. Bu prosesdə isə təbii ki, yerli müxalifətin imkanlarından istifadə etməyə çalışırlar...
///Qaynarinfo