Paşinyanın partiyası keçmiş deputatı sıralarından çıxarır

Paşinyanın partiyası keçmiş deputatı sıralarından çıxarır
DÜNYA
11:31 16.09.2026
86
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi” Partiyasında keçmiş deputat Hayk Sarkisyanın partiyadan çıxarılması məsələsi müzakirə olunur.

Bu barədə "Joxovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, partiya idarə heyətinin iclasında əvvəlcə Sünik vilayətində keçiriləcək yerli özünüidarəetmə seçkiləri üçün namizədlər müzakirə edilməli idi. Lakin partiya sədri, Baş nazir Nikol Paşinyan iclasda iştirak etmədiyindən məsələ təxirə salınıb.

Bundan sonra iclas iştirakçıları Hayk Sarkisyanın son açıqlamalarını və partiya daxilində davranışını müzakirə ediblər. Onun yenidən töhmət alması və ya əvvəlki intizam cəzası nəzərə alınaraq partiyadan çıxarılması təklif olunub.

Yekun qərar qəbul edilməyib. Məsələnin Nikol Paşinyanın iştirakı ilə keçiriləcək növbəti iclaslardan birində yenidən müzakirəyə çıxarılacağı bildirilir.

Hayk Sarkisyan son müsahibəsində partiya rəhbərliyini ölkədəki problemlərə, o cümlədən qanunsuz meşə qırıntıları ilə bağlı tənqidlərə dözümsüz yanaşmaqda ittiham etmişdi. Bundan sonra onun keçmiş partiya yoldaşları ilə münasibətləri daha da gərginləşib.

Bununla belə, Ermənistan parlamentinin vitse-spikeri Vaaqn Aleksanyan Sarkisyanın partiyadan çıxarılmasının iclasın rəsmi gündəliyinə daxil edilmədiyini açıqlayıb. O, növbəti intizam cəzasının Sarkisyanın partiyadan xaric olunması ilə nəticələnə biləcəyini də istisna etməyib. 

Qeyd edək ki, Sarkisyan yaranmış gərginliyə baxmayaraq, ötən şənbə partiyanın Tsaxkadzorda keçirilən toplantısına qatılıb.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR