Paşinyanın sözçüsü: “Azərbaycanla sülh hökumətin əsas vədidir”

Paşinyanın sözçüsü: “Azərbaycanla sülh hökumətin əsas vədidir”
DÜNYA
17:46 05.09.2026
56
Azərbaycanla sülhün əldə olunması Ermənistan hökumətinin ən mühüm vədi və Baş nazir Nikol Paşinyanın xalqdan aldığı aydın mandatdır.

Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan "The Wall Street Journal”a müsahibəsində deyib.

O, nəşrin ABŞ-ın iqtisadi və texnoloji təkliflərinin Azərbaycan-Ermənistan sülh prosesindəki roluna dair yazısını şərh edib.

Arutyunyan bildirib ki, ötən ilin avqustunda Vaşinqtonda imzalanmış ikitərəfli sənədlər, o cümlədən yarımkeçiricilər və süni intellekt sahəsində anlaşma memorandumu Ermənistan üçün sülh prosesinin yaratdığı mühüm imkanlardır.

"The Wall Street Journal” isə danışıqlarda iştirak edən mənbələrə istinadən yazıb ki, ABŞ-ın danışıqlar aparan nümayəndələri Ermənistanla Azərbaycan arasında ilkin sülh razılaşmasına nail olmaq üçün iqtisadi stimul kimi İrəvanın "Nvidia” şirkətinin süni intellekt üçün qabaqcıl çiplərinə çıxış imkanlarının genişləndirilməsi vədindən istifadə ediblər.

Nəşr bunu ABŞ administrasiyasının "çip diplomatiyası” adlandırılan yanaşmasının ən diqqətçəkən nümunələrindən biri kimi təqdim edib. Bildirilir ki, digər ölkələrlə münasibətlərdə texnoloji təkliflər əsasən iqtisadi razılaşmalar üçün istifadə edilsə də, Ermənistanla bağlı bu imkanlar sülh prosesinin dəstəklənməsinə xidmət edib.

Söhbət, xüsusilə, Ermənistanın Razdan şəhərində inşa olunan "Firebird” süni intellekt məlumat emalı mərkəzi üçün qabaqcıl "Nvidia” çiplərinin ixracına icazə verilməsindən gedir.

"The Wall Street Journal”ın məlumatına görə, layihənin ümumi dəyəri 5 milyard dolları ötə bilər. Mərkəzin təxminən 70 min "Nvidia Grace Blackwell” və "Vera Rubin” serveri ilə təchiz olunması planlaşdırılır.

Nəşrin yazdığına görə, ABŞ-ın danışıqlar komandası hesab edib ki, Ermənistana ABŞ-la daha sıx iqtisadi əlaqələr və müasir texnologiyalara çıxış imkanları təklif olunması sülh prosesini gücləndirə bilər.

///modern.az///
OXŞAR XƏBƏRLƏR