18:26 şənbə, 24 Avqust 2019
SOSİAL

Pasiyentin hüquqları pozularkən nə etməlidir? - Ekspert açıqladı

18:02, 14.08.20192631
Pasiyentin hüquqları pozularkən nə etməlidir? - Ekspert açıqladı
Azərbaycan Respublikası Vəkillər Kollegiyası 
Vəkil Roman Qaraşov
 
Pasiyentin hüquqları düzgün olmayan tibbi müdaxilə zamanı pozula bilər. Düzgün olmayan tibbi müdaxilə 4 əsasdan yaranır: Qəsdən (bilərəkdən), ehtiyatsızlıqdan (səhlənkarlıqdan), tibbi bilik və təcrübə çatışmazlığından və kənar təsirlərdən. (psixoloji amil). 
   
Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazirliyinə və ya məhkəməyə müraciət edə bilər. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər (həkimlər və digər tibb işçiləri) ziyanı ödəməyə borcludurlar.
 
Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.
Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi onların valideynləri, qəyyumları, himayəçiləri tərəfindən həyata keçirilir.
 
Ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan həmin hüquqi və fiziki şəxslər ( zavod, fabrik və ya fərdi sahibkar) tərəfindən ödənilir.
   
Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığının qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən Səhiyyə Nazirliyinə və məhkəməyə müraciət edilə bilər.
   
Beləliklə, əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlar öz tibbi hüquqlarını, onların təşkilini və müdafiəsini bilməlidirlər. Əgər həm pasiyent, həm də həkimlər öz hüquq və vəzifələrinə düzgün əməl etsələr tibb sahəsindəki hüquq pozuntuları aradan qalxar, gələcək həyatımıza sağlam addımlar atarıq.
   
 Səhiyyə ilə bağlı suallarınıza, müraciətlərinizə aşağıdakı nömrələrdə cavab tapa bilərsiniz:
-AR Səhiyyə Nazirliyinin Qaynar Xətti - 9103
-Səhiyyə Nazirliyinə daxil olan vətəndaş müraciətləri (məktub: ərizə, şikayət və təklif) ilə bağlı məlumatlar - 441-26-03 (daxili nömrə 113)
-Dərman preparatları ilə bağlı hər hansı bir şikayət və ya təkliflər- 596-07-12


XƏBƏR LENTİ