Yoğun bağırsaq xərçəngi ilə mübarizə aparan Braziliya futbolunun əfsanəsi Pelenin səhhətinin pisləşdiyi açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pelenin San-Pauloda qaldığı Albert Eynşteyn adına xəstəxanadan verilən açıqlamada, 82 yaşlı Pelenin xərçənginin irəlilədiyi, böyrək və ürək problemlərinə görə daha çox qayğıya ehtiyacı olduğu bildirilib.
Sosial mediada paylaşım edən Pelenin qızı Kely Nascimento bu il Milad bayramını evdə keçirə bilməyəcəklərini ifadə edərək, həkimlərlə apardıqları müayinədən sonra xəstəxanada qalmağın daha yaxşı olduğuna qərar verdiklərini bildirib.
Pelenin 2021-ci ilin sentyabrında yoğun bağırsağından çıxarılan xərçənginin bu ilin əvvəlində ağciyərlərinə, qaraciyərinə və bağırsaqlarına keçdiyi məlum olub.
Müntəzəm müalicə alan və ötən ay kimyaterapiya tətbiqi üçün xəstəxanaya yerləşdirilən əfsanəvi futbolçunun səhhətinin stabil olduğu bildirilib. Bu ayın əvvəlində Pelenin kimyaterapiyaya reaksiya vermədiyi və palliativ müalicəyə götürüldüyü açıqlanmışdı.
Qeyd edək ki, futbol tarixinin ən yaxşılarından biri kimi göstərilən Pele 3 dəfə (1958, 1962, 1970) Dünya Kubokunu qazanan yeganə futbolçudur.
Mikayıl